Şəkinin giriş-çıxışlarında postlar qurulub
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən həmin postlarda, eləcə də şəhər və Kiş kəndinin daxilində gücləndirilmiş rejimdə xidmət aparılır. Postlarda operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb.
Bundan əlavə şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Qeyd edək ki, kafe, restoran və digər ictimai iaşə müəssisələri bu müddət ərzində axşam 21:00-dək fəaliyyət göstərəcəklər.
Azvision.az