“Ordumuza dəstək olaq, lakin koronavirusu da unutmayaq”

 “Ordumuza dəstək olaq, lakin koronavirusu da unutmayaq”
  15 Oktyabr 2020    Oxunub:1712
Son zamanlar ölkədə koronavirusla mübarizə qaydalarına o qədər də ciddi riayət olunmur. Qeyd olunduğu kimi neqativ dinamika izlənməkdədir.
Bunu Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O hesab edir ki, proses nəzarət olunandır və istənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.

“Bu qərarlar Operativ Qərərgah tərəfindən qəbul olunaraq tətbiq edilir. Mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Koronavirusa yoluxma hallarının artımı gözlənilən idi. Əslində artımın özü yox, onun səviyyəsi bizi daha çox narahat etməlidir. Əhatə olunduğumuz ölkələrdə də bu, bir qədər əvvəl baş verib. Bu səbəbləri şərti olaraq iki qrupa ayırmaq olar. Birinci qrup səbəblər təbiidir, yəni günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda olurlar, toplaşdığı bağlı yerlərdə təmaslar artır, otaqlarda soyuq olduğu üçün havalandırmaya riayət olunmur. İnsanlar havaya uyğun düzgün geyim seçməkdə çətinlik çəkirlər, nəticədə tərləyir və ya soyuqlayırlar. Həmçinin soyuq havada yuxarı tənəffüs yollarının infeksiyalara qarşı müqavimət bir qədər zəifləyir və s. İkinci qrup səbəblər isə bizim üçün daha əhəmiyyətlidir. Çünki bunlar korrektə oluna bilər və əhalinin davranışı ilə sıx bağlıdır. Yəni, burada qeyd olunan maskanın taxılması, sosial məsafənin gözlənilməsi, təmasların azaldılması, respirator gigiyena qaydalarına əməl olunmasıdır”.

T.Eyvazov qeyd edib ki, son vaxtlarda yoluxanların sayının bir müddət az olması əhalidə arxayınlıq yaradıb.

“Maska taxanların sayı azalıb, əhalinin daha çox toplaşdığı yerlərdə sosial məsafə gözlənilmir. İctimai nəqliyyatda eyni hallar müşahidə olunur. Buna görə də əhali ilə maarifləndirmə işləri aparılmalı, bu qaydalara əməl olunmasına nəzarət ciddiləşdirilməlidir. İnsanlarımıza müraciət edərək demək istərdim ki, bu qaydalara birgə əməl etməklə biz yoluxmaların sayını azalda bilərik və bu da bizim dövlətimizə bütün səyləri Qarabağ istiqamətində cəmləşdirməyə imkan verər.

Vətəndaşlar qeyd olunan qaydalara ciddi əməl etməli, təmasları, xüsusilə hərbçilərlə sıx təmasları minimuma endirməlidir. Özünü narahat edən insan müvafiq şikayətlər olarsa, tibbi yardım üçün vaxtında müraciət etməlidir. Başa düşmək lazımdır ki, Ordumuzun döyüş qabiliyyəti əsgər və zabitlərimizin sağlamlığından asılıdır. Bu baxımdan onlara maddi və mənəvi dəstək olaq, lakin koronavirusu unutmayaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti