İrəvanda siyasi təlatüm: Paşinyan ard-arda zərbələr alır

  İrəvanda siyasi təlatüm:  Paşinyan ard-arda zərbələr alır
  15 Oktyabr 2020    Oxunub:8768
Dağlıq Qarabağda sentyabrın 27-dən başlanan döyüşlərdə məğlub duruma düşən Ermənistan ard-arda ağır zərbələr alır. Təkcə cəbhə xəttində deyil, sosial-iqtisadi sferada da böhranla üzləşən işğalçı ölkədə siyasi təlatümlər yaşanır.
Artıq erməni cəmiyyətinin baş nazir Nikol Paşinyanın döyüş meydanında və diplomatik müstəvidəki uğursuzluqlarından cana doymasının işartıları görünür. Ermənistan mətbuatı hazırkı situasiyanın ölkədə siyasi böhrana və fikir ayrılığına səbəb olduğunu yazır. Hətta bir çox siyasətçilər və ictimai fiqurlar həyəcan təbili çalaraq Paşinyan hakimiyyətinin ölkəni uçuruma apardığını bəyan edirlər.

Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçıların mətbuat katibi Eduard Şarmazanov yerli KİV-ə son açıqlamasında ölkədəki mövcud vəziyyətə görə birmənalı şəkildə Paşinyan hökumətini günahlandırıb.

Şarmazanov deyib ki, indiki ağır durumun yaranmasında başlıca günahkar hazırkı iqtidardır. Onun fikrincə, Ermənistanın son bir ayda bütün sahələrdə böhranla qarşılaşması Paşinyanın uğursuzluğu və təcrübəsizliyindən qaynaqlanır: “Hazırkı vəziyyət Nikol Paşinyanın danışıqlara öz nöqteyi-nəzərindən yanaşmasının nəticəsidir və yaranmış vəziyyətə görə bütün məsuliyyəti mövcud hökumət daşıyır”.

Buradan bir daha aydın olur ki, Qarabağ döyüşləri fonunda Ermənistan daxilində siyasi qarşıdurma güclənir. Erməni cəmiyyətinin günahkar axtarışına başlaması vəziyyətin həddindən artıq kritik olmasından xəbər verir. Bu gedişlə sosial- siyasi partlayış qaçılmaz olacaq.

Siyasi ekspertlər hesab edirlər ki, artıq İrəvanda vəziyyət nəzarətdən çıxmağa doğru gedir. Qarabağdakı biabırçı məğlubiyyət, iqtisadi tənəzzül və üstəgəl koronavirus infeksiyasının ölkədə tüğyan etməsi, xəstəliyin qarşısının alınmaması Paşinyan hakimiyyətindən narazılığın ciddi şəkildə artmasına səbəb olub. Sadə ermənilər gec də olsa anlayırlar ki, Paşinyanın pafoslu çıxışları, düşünülməmiş qərarları ac qarınları doyurmur, indiyədək verilən vədlər isə hələ də havada qalır.

Kreslosunu itirmək təhlükəsi yaşayan Paşinyan xalqa son müraciətində daha çox pessimist notlara köklənmişdi. O ölkəsinin döyüşlərdə müqavimət göstərməkdə çətinlik çəkdiyini və böyük itkilər verdiyini etiraf etməklə çarəsizliyini gizlədə bilmədi. Erməni baş nazirin dünənki çıxışını onun tezliklə tarixə qovuşacağının anonsu kimi qiymətləndirmək olar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti