Hacı Surxay: “İşğalçıların dini olmur”

  Hacı Surxay:  “İşğalçıların dini olmur”
  15 Oktyabr 2020    Oxunub:2263
Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan ölkədir. Azərbaycanla Ermənistan arasında konflikt dini zəmində deyil. Azərbaycan ordusu yalnız hərbi hədəfləri vurur, heç vaxt mülki şəxsləri, tarixi və ya dini obyektləri hədəf götürmür. Ermənistan Azərbaycanı günahlandırmaq, münaqişəyə dini məzmun gətirməklə hiyləyə əl atır.
Bunu Azvision.az -a açıqlamasında İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay deyib. Onun sözlərinə görə, Ermənistan bütün hiylələrə əl ataraq insanların inanc yeri olan din məsələsini qaldırır.

“İnsanları manipulyasiya edib, bütün dünyaya bəyan etmək istəyir ki, dini müstəvidə biz müharibə aparırıq. Bu, dini müstəvidə olan müharibə deyil. Azərbaycanın torpaqları 30 ilə yaxındır işğala məruz qalıb və Ermənistan işğalçı dövlətdir. Biz qanuni Azərbaycan torpaqlarında vuruşuruq. Ermənistanın Füzulidə, Şuşada, Kəlbəcərdə nə işi var? Biz haqq olan iş üzrə mücadilə edirik. Ermənistan “dini xadimləri” məsələ qaldırır ki, guya dini müstəvidə müharibə aparılır”.

Hacı Surxay bildirib ki, müharibə onların hücumları, uşaqlarımızı öldürməsi, bütövlükdə Azərbaycan xalqına vandallıq hərəkətləri nəticəsində baş verib.

“Bizim itirəcək bir şeyimiz yoxur, 30 ildir torpaqlarımız işğal altındadır. Öləriksə şəhid olarıq, sağ qalırqsa qazi. Bundan böyük dəyər yoxdur. Düşmən tərəfi utansın ki, öz leşlərinə sahib çıxa bilmirlər. Bu bizim torpağımızın savaşıdır”.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Hacı Surxayın sözlərinə görə, bizdə dini-mənəvi dəyərlər hər zaman qorunub.

“Azərbaycanda xristian icması, kilsələr fəaliyyət göstərir, onlar dövlət tərəfindən qorunur. Azərbaycan humanist, mütərəqqi ölkədir və dinimizin buyurduğu kimi bu qanunlara əməl edir. Amma düşmən tərəfə baxın. Bu gün işğal altındakı məscidlərimizi tövlə kimi istifadə edir, orada heyvanlar saxlayır, məscidlərimizi bərbad vəziyyətə qoyurlar. İslam dini humanist mütərəqqi dindir. Ermənistanın din xadimlərinə alim kimi sual verirəm. Bu gün əgər ilahi səmavi dinlər barışıq, qardaşlıq dinidirsə, uşaq başı kəsmək, hamilə qadınlar, dinc sakinlərə atəş açmaq hansı dindədir? Hesab edirəm ki, belə insanların dini yoxdur. Ermənistan tərəfinin atdığı addım cinayətdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Din   Qarabağ  





Xəbər lenti