Anar Kərimov UNESCO-nun Baş direktoruna müraciət edib

Anar Kərimov UNESCO-nun Baş direktoruna müraciət edib
  15 Oktyabr 2020    Oxunub:2085
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanlayıb.
Mədəniyyət Nazirliyindən Azvision.az -a verilən məlumata görə, müraciətdə Ermənistanın silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq münaqişə zonasından aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum etməsi və bunun nəticəsində mülki vətəndaşların həlak olması və yaralanması, habelə mədəniyyət müəssisəsi və abidənin, yaşayış binaları və mülki infrastrukturun zərər görməsi diqqətə çatdırılıb.

Ermənistanın mülki əhali və obyektləri, tarixi abidələri hədəfə almasının beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu ildə imzalanmış İkinci Protokolunun, "Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyaları və Əlavə Protokollarının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisi olduğu vurğulanıb.

Müraciətin sonunda Anar Kərimov “İnanıram ki, UNESCO göstərilən cinayətləri pisləməkdə və Ermənistan Respublikasını mülki şəxslərə, mülki infrastruktura, mədəni və dini abidələrə qəsdən hücumlardan çəkinməyə və beynəlxalq qanunlardan irəli gələn öhdəliklərə əməl etməyə çağırmaqda daha böyük və daha fəal rol oynaya bilər”, - deyə qeyd edib.

UNESCO-nu Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini pisləməyə və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması üçün səy göstərməyə çağırıb.

Xatırladaq ki, UNESCO-ya ünvanlanan bundan öncəki müraciətdə cari ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, yaşayış məntəqələrinə ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olması, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəyməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti