Allahverdi Bağırovun xanımı: “Şuşanın alınmasını gözləyirik” - FOTOLAR

 Allahverdi Bağırovun xanımı:  “Şuşanın alınmasını gözləyirik” -  FOTOLAR
  16 Oktyabr 2020    Oxunub:8595
“Ağdam işğaldan azad olunanda Allahverdinin qəbrini ziyarət edib, ona gözaydınlığı verəcəyəm”.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, "Qarabağ" futbol klubunun keçmiş baş məşqçisi Allahverdi Bağırovun həyat yoldaşı Validə Bağırova deyib. Şəhid xanımı bildirib ki, müzəffər ordumuzun qələbələri onların da ailəsinə ümid, sevinc gətirib.

“Mən həmişə düşünürdüm ki, nağıllardaki kimi ağ atlı oğlan gəlib yurdumuzu bu təhlükədən, işğaldan azad edəcək. Bu gün Prezidentimiz böyük qələbə sevincini bizə yaşadır. Onun sayəsində torpaqlarımız işğaldan azad olunur. Dövlət başçısını hər dəfə televiziya ekranında görəndə çox sevinirik. Deyirik ki, yenə bizə müjdə verəcək. Qələbə xəbərlərini eşidəndə fikirləşirəm ki, Allahverdi sağ olardı və bu qələbəni görərdi. Onun arzusu idi ki, Xankəndinə Azərbaycanın üçrəngli bayrağını sancsın. Bu bayraq ora sancılarsa, elə bilərəm ki, onun ruhu da sevinər”.



V. Bağırovanın sözlərinə görə, ailəsi yurd həsrətinin bitməsini istəyir: “Qızlarımın hər ikisi hərbiçidir. Dövlət Sərhəd Xidmətində çalışırlar. Biri həkim, digəri isə kadr işçisidir. Çox sevinirlər. Şuşanın alınmasını gözləyirik. Hər yay Ağdamın bizdə olan kəndlərinə gedirik. Hər yer bizim vətənimizdir. Ağdamın azad olunacağı gün qurbanlar kəsib, nəzirlər paylacağıq. İlk olaraq Allahverdinin gedib qəbrini ziyarət edəcəyəm. Çox əzab, əziyyət çəkmişdi bu yolda. Üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. İnşallah bütün şəhidlərimizin ruhu tezliklə sevinər.

Təzə xəbər eşidəndə rayona zəng edib qardaşımgili təbrik edirəm. Onlar Ağdamda yaşayırlar. Ermənilər oranı da atəşə tutur, evləri dağıdırlar. Amma deyirik ki, bütün əsgərlərimizə qurban olsun. Təki döyüşçülərimiz sağ qalsın, ölməsinlər. Hamısı Milli Qəhrəman olsunlar”.





















Şahanə Rəhimli
Azvision.az


Teqlər: MilliQəhrəman   AllahverdiBağırov  





Xəbər lenti