“Gəncə erməni terroruna qarşı müqavimət rəmzinə çevrilib”

“Gəncə erməni terroruna qarşı müqavimət rəmzinə çevrilib”
  17 Oktyabr 2020    Oxunub:2692
“Ermənistan rəhbərliyinin orduya mülki əhalini hədəf alması ilə bağlı verdiyi əmrlər onların cinayətkar mahiyyətini bir daha ortaya qoymuş oldu. Bu gün Gəncə Ermənistanın dövlət terrorizmi və vandalizminə qarşı müqavimət rəmzinə çevrilib”.
Bu barədə Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat deyib ki, döyüş meydanında məğlub olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməyi seçib. Nikol Paşinyan bu çirkin metodlarla vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və və beləcə öz çirkin məqsədlərinə nail olmağa çalışır: “Amma onun bu cəhdləri tam iflasa uğradı. Yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın vətənpərvərlik hisslərini, mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.

Bu gün qürurla deyə bilərəm ki, Azərbaycan vətəndaşları yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirir, gecə saatlarında baş verən bu faciə bizi daha da gücləndirib. Insanlarımız indi daha çox qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, şanlı ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər”.

Jalə Əhmədova onu da vurğulayıb ki, hər birimiz indi daha çox Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik: “Xalq olaraq hər kəs dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir. Əminəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verəcək. Bir neçə gündür ki, Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır. Onların mülki əhalimizə qarşı qatı qəddarlığının qisası isə düşməndən ikiqat alınır. Faşist işğalçılardan fərqli olaraq, Azərbaycan tərəfi humanizm prinsipinə, beynəlxalq qanunvericiliyə və Cenevrə konvensiyasına hörmətlə yanaşır. Biz öz sözümüzü döyüş meydanlarında deyirik, mülki əhalini nişan almırıq!

Bu da bir reallıqdır ki, hazırda Ermənistan Ordusu bütün müqavimət imkanlarını itirib. Nizamsız dəstələrə parçalanan, şəxsi heyət arasında böyük ruh düşgünlüyü, inamsızlıq yaşanan erməni ordusu acizanə şəkildə mövqeləri qoyub geri qaçır. Artıq Ermənistan hakimiyyəti və ordu rəhbərliyi prosesi idarə etmək imkanında da deyillər. Cəbhədəki uğursuzluqları isə nələrləsə ört-basdır etmək lazım idi. Bu da yaşayış məntəqələrinin vurulması oldu və bu hücumun erməni başnazir öxü dayanır. Onun bu əməli Azərbaycan Ordusunun zəfəri qarşısındakı acizliyindən qaynaqlandı”.

Jalə Əhmədovanın sözlərinə görə Paşinyan törətdiyi hərbi cinayətlərinin müqabilində beynəlxalq təpki görmür. Amma Azərbaycan ordusu onu və komandasını yaxın gələcəkdə ən ağır formada cəzalandıracaq: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə laqeyd qalmamalıdır. Cinayətkar erməni rəhbərliyinin məsuliyyətə cəlb olunması təmin edilməlidir. Əks təqdirdə regionda daha ağır nəticələr ola bilər. Əgər beynəlxalq birlik Gəncə hücumunun birbaşa səbəbkarı olan, orduya vurun əmri verən Paşinyanın komandasını cəzalandırmasa, Azərbaycan özü cinayətkarların cavabını verəcək”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Jalə-Əhmədova   Paşinyan   Erməniterroru   Gəncə  





Xəbər lenti