ASAN Səyyar Xidməti fəaliyyətə başlayır - FOTO

ASAN Səyyar Xidməti fəaliyyətə başlayır - FOTO
  03 Fevral 2014    Oxunub:972
Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi pilot layihə çərçivəsində Bakı şəhəri üzrə səyyar formada xidmətlərin həyata keçirilməsinə başlayır. AzVision.az-a bu barədə ASAN Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilir ki, səyyar xidmətlər dedikdə şəxs qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla onun iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər

ASAN-dan verilən məlumata görə, hələki bu pilot layihə çərçivəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində həyata keçiriləcək.

Səyyar ASAN xidmət çərçivəsində göstərilən xidmətlər bunlardır:

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Məhkumluq barədə arayışların verilməsi;
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.

Bazar ertəsi-şənbə günü saat 10:00-19:00-dək vətəndaşlar xidmətdən istifadə edə bilərlər.

Xidmətin sifarişi:

Xidmətin sifarişi 108 nömrəli “Çağrı” mərkəzi vasitəsi ilə həyata keçirilir.

Səyyar xidmət haqqı:

İkitərəfli xidmət (sənədlərin qəbulu və hazır sənədin çatdırılması) - 90 AZN xidmət haqqı;

Birtərəfli xidmət (hazır sənədin çatdırılması) - 50 AZN xidmət haqqı;

Qeyd: Yuxarıda qeyd edilən sifarişin xidmət haqqına dövlət rüsumları, cərimələr və normativ hüquqi aktlarla müəyyən edilən xidmət haqqları daxil deyil.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən) üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Əlavə məlumat üçün 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.


Teqlər:  





Xəbər lenti