Xudafərin 27 ildən sonra öz sahibinə qovuşdu - FOTO

  Xudafərin 27 ildən sonra öz sahibinə qovuşdu -    FOTO
  19 Oktyabr 2020    Oxunub:11160
Oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazıldı. Cəbrayıl rayonunda yerləşən tarixi Xudafərin körpüsünün üzərində 27 il sonra üçrəngli Azərbaycan bayrağı ucaldıldı. Vətən Müharibəsində böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni öz sahibinə qovuşdurdu. Bu müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev çatdırdı.
"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" , - deyə ölkə başçısı “Twitter” səhifəsində paylaşıb.



Erməni işğalından azad olunan Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Xudafərin körpüsu 1027-ci ildə Azərbaycan ərazisində, paytaxtı Gəncə olan Şəddadilər dövlətinin başçısı Fəzl Bin Məhəmmədin sifarişi ilə Araz çayı üzərində Şimali və Cənubi Azərbaycanı birləşdirmək məqsədi ilə tikilib. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılıb, sonra yenidən bərpa edilib.



İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə müxtəlif məlumatlara rast gəlmək olur. Araz çayının üstündə çoxlu körpülər salınsa da, onlardan ən məşhuru və əzəmətlisi Xudafərindir.

10 əsrlik tarixə şahidlik edən körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.



Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdən biridir.



Tədqiqatçıların fikrincə, körpünün dayaqları çayın ortasında olan daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı hər kəsə məlumdur.



27 il erməni tapdağı altında olan Xudafərin Azərbaycanın Dövlət Müstəqilliyi Günündə azadlığa qovuşdu. Azərbaycan xalqı bir gündə iki bayramın sevincini yaşadı.

Azvision.az


Teqlər: Xudafərin   Körpü  





Xəbər lenti