“Bu cür məlumatların yayılması məsuliyyət yaradır” - Ekspert

 “Bu cür məlumatların yayılması məsuliyyət yaradır” -  Ekspert
  19 Oktyabr 2020    Oxunub:2332
Son günlər sosial şəbəkələrdə cəbhədəki döyüşlərlə bağlı qeyri-rəsmi məlumat və videolar paylaşılır. Bu cür informasiyaların kütləvi şəkildə yayılması vətəndaşlar arasında çaşqınlığa səbəb ola bilər. Bu səbəbdən Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edərək, onları diqqətli olmağa çağırıb.
"Son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar. Bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - deyə nazirlikdən bildirilib.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Azvision.az -a açıqlamasında bildirib ki, hər bir statusun arxasında informasiya olduğunu başa düşmək lazımdır və bunu düşmən tərəfindən izləyən, analiz edənlər var.

“Biz dəfələrlə demişik ki, indiki durumda hər bir sosial media istifadəçisinin məsuliyyətli, diqqətli olması, yazacağı statusu min dəfə götür-qoy etməsi vacibdir. Bunu unutmamalıyıq. İşğaldan azad olunan rayonlar, şəhərlərlə bağlı rəsmi məlumat açıqlanmadan xəbər yaymaq, paylaşmaq yolverilməzdir. Yəqin ki, bundan sonra Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi yalnız xəbardarlıq edib durmayacaq, bu istiqamətdə lazımı addımlar atılacaq. Qeyri-dəqiq məlumatları paylaşanların əksəriyyəti anonim şəxslər deyil, real hesablardır. Əvvəllər məlumatları yayanlar anonim olurdu, onları tapmaq problemli idi. Amma indi yazanların çoxu bəlli istifadəçilərdir. Onlar arasında hörmət etdiyim insanlar, jurnalistlər də var. Bununla bağlı məqamlar qanunvericilikdə nəzərdə tutulub. Hərbi vəziyyətlə əlaqədar sosial mediada bu cür məlumatların yayılması məsuliyyət yaradır. Sosial media istifadəçiləri bundan nəticə çıxarmalı və məsuliyyətli olmalıdır”.

O.Gündüz qeyd edib ki, hərbi vəziyyətlə əlaqədar internetdə və sosial mediada müəyyən məhdudlaşmaların aparılması anlaşılandır: "Hər kəs buna uyğun davranmalıdır. Döyüşlərin ön cəbhə ilə yanaşı, informasiya cəbhəsində də aparıldığını unutmamalıyıq”.

Ekspert sosial şəbəkə istifadəçilərinə çağırış edərək vurğulayıb ki, indiki həssas məqamda hər kəs ayıq-sayıq olmalı və rəsmi olmayan məlumatları yaymamalıdır. Bu cür informasiyaların tirajlanması təhlükəlidir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sosial-şəbəkə   İnformasiya  





Xəbər lenti