Hərbi ekspert: “Belə məsuliyyətsizlik olmaz!”

  Hərbi ekspert:  “Belə məsuliyyətsizlik olmaz!”
  19 Oktyabr 2020    Oxunub:2823
"Hərbçilərimiz döyüş meydanında vuruşur, əziyyət çəkir, yuxu bilmədən, dincəlmədən Azərbaycan xalqına qələbə sevinci yaşadır. Bizim bəzi vətəndaşlarımız isə səhlənkarlıq edirlər. Lazım olmayan məlumatları, şəkilləri sosial şəbəkədə paylaşırlar, lazım olmayan fikirlər yayırlar. Bunları etmək qətiyyən olmaz. Biz müharibəni başlayanda sosial şəbəkələri boş yerə məhdudlaşdırmadıq. Bunu etdik ki, bəzi vətəndaşlar məsuliyyətli olsunlar, başa düşsünlər ki, müharibə sıradan, adi məsələ deyil”.
Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Bu mənada Ü.Cəfərov sosial şəbəkə istifadəçilərini diqqətli olmağa və ehtiyatlı davranmağa çağırıb. O bildirib ki, vətəndaşlarımız sosial şəbəkədə ən xırda məlumatı paylaşmaqla hərbi hissəni, döyüş mövqeyini zərbə altına qoya bilər.

“Belə məsuliyyətsizlik olmaz. İnsanlar Azərbaycan Ordusundan qələbə istəyir, amma eyni zamanda Azərbaycan oğullarına problemlər yarada bilərlər. Mən hər kəsə müraciət etmək istəyirəm ki, gəlin, bir az məsuliyyətli və diqqətli olaq. Əsgərlərimiz əziyyət çəkir, döyüşür, düşmənlə mübarizə aparır. Amma bəziləri bunu oyuncaq sayır və məsuliyyətsiz davranır. Biz əsgərlərimizin əziyyətini yerə vurmamalıyıq”.

Hərbi ekspert qeyd edib ki, sosial şəbəkələrdə yanlış informasiyaları paylaşanlarla bağlı sərt qərarlar verilməlidir: “Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi humanist davranır. Lakin kəskin qərarlar verilməlidir. Ən xırda ehtiyatsız məlumat bütöv əməliyyatın pozulmasına gətirib çıxara bilər. Cəzalandırma olmalıdır. Bu, inzibati cəza və ya maddi cəza da ola bilər. Beləliklə başqaları da bundan nəticə çıxarar”.

Qeyd edək ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar. Bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sosial-şəbəkə   İnformasiya  





Xəbər lenti