Ermənistan nasist və terrorçuların ümidinə qalıb

  19 Oktyabr 2020    Oxunub : 2150
 Ermənistan nasist və terrorçuların ümidinə qalıb
Ermənistanda faşizm və terrorizmin rəsmi dövlət siyasəti olması adi hal alıb. Azərbaycanın işğal altındakı torpaqlarına yalnız muzdlu döyüşçü və terroristlər deyil, artıq faşist ideologiyasının daşıyıcıları olan siyasətçilər də gətirilir.
Bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalaonun Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə dəvət edib. Adıçəkilən partiya Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas fəaliyyət istiqamətlərindən biri Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir. Hətta onlar ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunması və s. kimi çağırışlarla etirazlara səbəb olublar. Bir sözlə, “alternativçilər” Almaniyada irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıqları ilə ad çıxarıb.

Bu gün cəbhədə ağır məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdləri nəticəsiz qalır. Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər. Çünki Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət aparır. Belə bir vəziyyətdə ümid yeri kimi nasist siyasətçilərə üz tutmaları başa düşüləndir.

Məsələni Azvision.az -a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Ermənistanda hakim ideologiya ciddi şəkildə təhlükə saçır. Bu ölkədə faşist ideologiyasına oxşar ideoloji sistemin bərqərar olduğunu görürdük:

“Ermənistanın mərkəzində Qaregin Njdeyə heykəlin qoyulması iki ideoloji vəhdətdən irəli gəlirdi. “Almaniya üçün alternativ” partiyası Suriyada hadisələr gərginləşəndən və bu ölkədən Avropaya qaçqın axını başladıqdan sonra yaranan siyasi təşkilatdır. Bu partiya millətçi “dazbaşların”, cinsi azlıqların yığıncaq yeri idi. Onlar siyasi fəaliyyətlərində müxtəlif neonasist şüarlardan istifadə etməklə alman gəncləri öz ətraflarına çəkə bilirdilər. Məsələn, bu siyasətçilərin ən çox sevdiyi şüarlardan biri “Almaniya almanlar üçündür” çağırışıdır. Bu, məşhur faşist lider olmuş Hitlerin sevimli şüarlarından biridir. Başqa bir anormal şüarları isə “Gəlmələr, qayıdın öz evlərinizə”dır. Faktiki olaraq Almaniyanın özündə belə xalq, cəmiyyət bu cür partiyanın yaranmasından ciddi şəkildə əndişələnirdi”.



Politoloq ermənilərin pənah apardığı neonasistlərin məlum səfərləri ilə xeyirdən çox zərər görəcəyini bildirib. O, perspektivi olmayan bu cür siyasi təşkilatların Qarabağda peyda olmasının yalnız Paşinyan hakimiyyətinə deyil, alman hökumətinə də zərbə olacağını düşünür:

“Dəfələrlə şahidi olmuşuq ki, almanlar kütləvi şəkildə bu partiyanın fəaliyyətinin dayandırılması, qadağan edilməsi tələblərini ortaya qoyub. Çünki soyuqqanlı xalq da gözəl anlayır ki, məlum siyasi təşkilat gec-tez Almaniya dövləti üçün ciddi problem yaradacaq. Buyurun, həmin dövr gəldi, artıq rəsmi Berlin “alternativçilərə” görə diplomatik təzyiq altında qala bilər. Azərbaycanın beynəlxalq qanunlarla tanınan və işğalda olan ərazilərinə bir neçə alman deputatın səfər etməsi bu ölkə üçün ciddi diplomatik problem sayılmalıdır. Yəni rəsmi Bakının icazəsi olmadan onun qanuni ərazilərinə səfər etmək Azərbaycan tərəfindən çox ciddi şəkildə qınanacaq. Bunlar adi, sıravi almanlar deyillər, Bundestaq üzvüdürlər. Onların təmsil etdikləri ölkənin rəhbərliyinə nota da göndərilə bilər. Yəni bu kimi hallarda münasibətlərdə yaranacaq soyuqluq daha da dərinə gedə bilər.

Misal var ki, “taylı tayını tapmayınca işlər ah-vayla keçər”. Loru şəkildə desək, bu gün erməni rəhbərlər faşist düşüncəli almanları regiona dəvət etməklə öz faşist mahiyyətlərinə uyğun adamları seçdiklərini nümayiş etdirmiş oldular. Bu, onu göstərdi ki, Ermənistanda, eləcə də Dağlıq Qarabağda xunta rejimi qurulub, bu rejim neofaşist ideologiyası ilə silahlanıb və onlar demək olar ki, bütün dünyanın pislədiyi, lənətlədiyi faşizmi yenidən dirçəltməyə çalışır. "Alternativçilər"in əsas qayəsi faşizmi dünyada yaymaqdan ibarət idi. Amma Qarabağ səfəri onlar üçün ciddi siyasi səhvdir”

Politoloq onu da qeyd edib ki, “alternativçilər” bölgədə təsadüfdən peyda olmayıblar. Onlarla əlaqə Paşinyanın hakimiyyətə gəlişindən sonra daha sıx qurulub.

“İndi həmin əlaqələrin inkişafı kimi bu gün yaranmış situasiyadan istifadə edirlər. Bir sözlə, “Almaniya üçün alternativ” partiyasının Dağlıq Qarabağa gəlməsi erməni tərəfinə heç bir üstünlük verməyəcək. Əksinə, məlum səfər Ermənistandakı hakimiyyətin mahiyyətini, bu ölkədəki siyasi rejimin xarakterini bütün dünyanın gözü önündə bir daha açıb sərgilədi. Zənnimcə, başını itirmiş erməni rəhbərlər, onların həmrəylik nümayişi üçün dəvət etdiyi adamlar əslində İrəvana çox böyük siyasi-diplomatik zərbə vuracaqlar. Bununla da son anormal siyasi gediş Ermənistanın, Soros “piyadası” olan baş nazirin və onun ətrafında toplaşanların xislətini, ideoloji yönlərini, siyasi əqidələrini açıb ortaya qoyacaq”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Qabil-Hüseynli   Paşinyan