Əli Əsədov Mustafa Şentopla görüşdü

 Əli Əsədov Mustafa Şentopla görüşdü
  19 Oktyabr 2020    Oxunub:3117
Oktyabrın 19-da Baş Nazir Əli Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə parlamentində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Azvision.az xəbər verir ki, Əli Əsədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan üçün bu çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında oldu. Baş nazir göstərilən dəstəyə görə öz adından və hökumət adında minnətdarlığını bildirdi.

Baş Nazir ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 33 % artdığını, bu ilin səkkiz ayı ərzində isə pandemiyaya baxmayaraq artımın 8 % olduğunu vurğulayıb. O, Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri birgə enerji layihələrini uğurla davam etdirildiyini qeyd edib, Qara dənizdə qaz ehtiyatlarının kəşfi ilə əlaqədar təbriklərini çatdırıb.

Qeyd olunub ki, qarşılıqlı investisiyaların həcmi artmaqdadır. Baş Nazir Əli Əsədov Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin və Türkiyə-Naxçıvan qaz xəttinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş nazir pandemiyaya dövründə Türkiyə və Azərbaycanın səhiyyə işçilərinin səmərəli fəaliyyəti qeyd edilib. Baş Nazir Azərbaycan Prezidentinin Türkiyə televiziyalarına müsahibələrinin bütün dünyada diqqətlə izləndiyini və Türkiyə televiziyalarının Azərbaycanın ədalətli müharibəsi ilə bağlı doğru xəbərləri işıqlandırdığını diqqətə çatdırıb.

Mustafa Şentop Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrini bir ənənə olduğunu qeyd edərək özünün də Məclis sədri seçildikdən sonra ilk səfərini Azərbaycana etdiyini vurğulayıb. TBMM-in sədri bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.

Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pisləyib və qeyd edib ki, hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırır. TBMM-in İnsan haqları komitəsinin altkomitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarının araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacağı qeyd olunub.

Azvision.az


Teqlər: MustafaŞentop   BaşNazir  





Xəbər lenti