AQTA regional videokonfrans keçirir

AQTA regional videokonfrans keçirir
  20 Oktyabr 2020    Oxunub:1734
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə oktyabrın 20-də “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfrans işinə başlayıb.
Azvision.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən AQTA sədri Qoşqar Təhməzli iştirakçıları salamlayaraq bildirib ki, BMT-nin Baş Assambleyası tərəfindən 2020-ci ilin “Beynəlxalq bitki sağlamlığı ili” elan olunmasına həsr edilmiş bu tədbir də mühüm əhəmiyyət daşıyır, qarşılıqlı fikir, təcrübə mübadiləsi üçün imkanlar açır.

Natiq qeyd edib ki, il boyu müxtəlif ölkələrdə keçirilən tədbirlərdə bitki sağlamlığının qorunmasının vacibliyi diqqət mərkəzində olub, dünyada aclıq və ərzaq qıtlığının aradan qaldırılması, yoxsulluğun azaldılması və iqtisadi fəallığın gücləndirilməsinin stimullaşdırılması, ekoloji vəziyyətin yaxşılaşması kimi qlobal məsələlər dövlət, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, geniş ictimaiyyət tərəfindən müzakirə edilib, mövcud problemlərdən çıxış yolları müəyyən olunub.

Q. Təhməzli Ermənistanın respublikamıza təcavüzü ilə bağlı da konfrans iştirakçılarına məlumat verərək, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini bildirib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər dinc əhali arasında çox sayda mülki vətəndaşımızın həlak olduğunu, yaralandığını, böyük dağıntıların olduğunu faktlarla diqqətə çatdırıb.

Agentlik sədri onu da qeyd edib ki, torpaqlarımızın işğal altında saxlanılması, digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərin ekoloji terrora məruz qalmasına, fauna və floraya külli miqdarda ziyan vurulmasına gətirib çıxarıb.

"Bitki sağlamlığı ilə bağlı bu tədbirin respublikamızda keçirilməsi diqqətin bitki sağlamlığı məsələlərinə yönəldilməsi baxımından əhəmiyyətlidir. Xüsusən, dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı böyük resursların sərf edildiyi indiki şəraitdə, iqtisadi və sosial vəziyyətə mühüm təsiri olan bitki sağlamlığının qorunması çox böyük önəm kəsb etməkdədir".

Daha sonra ölkədə bitki sağlamlığı ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verən Agentlik sədri, “Beynəlxalq bitki sağlamlığı ili” çərçivəsində beynəlxalq təşkilatlar və ölkələr tərəfindən həyata keçirilən tədbirlərin bu sahədə əməkdaşlığın gücləndirilməsinə, təbiətin qorunmasına və dünyada davamlı inkişafa öz töhfəsini verəcəyinə inandığını bildirib.

Konfransın açılış hissəsində, həmçinin Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın katibi Jingyuan Xia, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının rəhbəri Nico Horn, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak çıxış edərək, tədbirin təşkilatçısı olan AQTA rəhbərliyinə təşəkkürlərini bildiriblər. Videokonfransın əhəmiyyətini vurğulayan çıxışçılar bu konfransın Azərbaycanda bitki sağlamlığı sahəsinin inkişafına, daxili və xarici bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli, təhlükəsiz bitki və bitkiçilik məhsullarının istehsalına müsbət köməklik göstərəcəyini, region ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə yeni stimul verəcəyini ifadə ediblər.

Qeyd edək ki, “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional konfrans öz işini 20-21 oktyabr tarixlərində davam etdirəcək.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti