Türk Şurasının baş katibi Gəncəyə gedib - FOTO

  20 Oktyabr 2020    Oxunub : 1972
Türk Şurasının baş katibi Gəncəyə gedib -  FOTO
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Gəncə şəhərinə səfər edib.
Azvision.az xəbər verir ki, onunla bərabər baş katibin müavini Qismət Gözəlov və Xarici İşlər Nazirliyinin (XİN) ikinci Avropa idarəsinin rəisi İlqar Muxtarov da Gəncəyə gəliblər.

Nümayəndə heyəti Gəncənin icra başçısı Niyazi Bayramovla birlikdə Ermənistan ordusunun Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış evlərə baş çəkiblər.

Qonaqlar şəhərdə binaların, təsərrüfatların ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutulması, mülki obyektlərə ciddi ziyan vurulması barədə məlumatlandırılıblar.

Qeyd edilib ki, oktyabrın 11-də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ermənistan ordusu həmin hadisədən bir həftə sonra, oktyabrın 17-də gecə saat 1 radələrində də Gəncənin mərkəzi hissəsini raket atəşinə tutub. Nəticədə 13 nəfər həlak olub, 45-dən çox dinc sakin yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda zərər vurulub.

Türk Şurasının baş katibi dağılan evlərə, infrastruktur obyektlərinə baxıb, erməni barbarlığının izləri ilə tanış olub.

Azvision.az

Teqlər: Gəncə