Ombudsman Gəncə terroru ilə bağlı növbəti hesabat hazırlayıb

  20 Oktyabr 2020    Oxunub : 1914
Ombudsman Gəncə terroru ilə bağlı növbəti hesabat hazırlayıb
Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar 17-18 oktyabr tarixlərini əhatə edən Hesabat hazırlayıb.
Ombudsman Aparatından Azvision.az -a verilən xəbərə görə, hesabatda qeyd olunur ki, artıq beşinci dəfədir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərini qadağan olunmuş silahlardan istifadə olunmaqla atəşə tutur, onlardan üçü əhalinin sıx məskunlaşdığı əraziyə düşərək ağır tələfatlara səbəb olub. Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində yenə də insanlar arasında çoxsaylı tələfat və yaralanma halları baş verib, bir çox mülki infrastruktur obyektləri dağıdılıb, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.

Ombudsman Səbinə Əliyeva mülki əhalinin fundamental insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş qeyd olunan halları faktaraşdırıcı missiya çərçivəsində yerində araşdırıb. Bu, Gəncə şəhərində Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə bağlı Ombudsmanın sayca üçüncü hesabatıdır.

Təqdim olunan hesabat Azərbaycan Ombudsmanı tərəfindən Gəncə şəhərində faktaraşdırıcı missiya çərçivəsində həyata keçirilmiş monitorinq zamanı yerində toplanmış real faktlara əsaslanır və 17–18 oktyabr 2020-ci il tarixlərini əhatə edir.

Hesabatda Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini 17.10.2020-ci il tarixdə ballistik raket atəşinə tutması nəticəsində baş vermiş tələfatlara dair statistik göstəricilər də əks olunub. Həlak olan 14 nəfərdən 4-ü kişi, 5-i qadın, 5-i uşaqdır, yaralanan 57 nəfərdən isə 25-i kişi, 23-ü qadın, 9-u uşaqdır.

Faktaraşdırıcı missiya çərçivəsində həyata keçirilmiş monitorinq zamanı bir daha müəyyən edilib ki, Ermənistan Respublikası öz ərazisindəki xüsusi raket sistemlərindən istifadə etməklə Azərbaycanın mülki əhalisini hədəf seçərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdə, yəni insan hüquqları sahəsində qüvvədə olan beynəlxalq hüquqi aktların müddəalarını kobud şəkildə pozmaqda davam edir.

Azvision.az

Teqlər: Ombudsma