BMT-nin bacarmadığı missiyanı Azərbaycan özü icra edir

  BMT-nin bacarmadığı missiyanı Azərbaycan özü icra edir
  21 Oktyabr 2020    Oxunub:9140
Müzəffər Azərbaycan Ordusu xilaskarlıq missiyasını davam etdirir. Sentyabrın 27-dən başlayaraq tarixi uğurlara imza atan Silahlı Qüvvələrimiz işğal altında olan bir çox yaşayış məntəqələrini azad edərək Azərbaycan xalqına hədsiz sevinc bəxş edir.
Bu gün daha bir tarixi ana şahidlik etdik. Zəngilan şəhəri və 6 kəndi, eləcə də Füzuli, Cəbrayıl, Xocavəndin bəzi kəndləri düşmən tapdağından azad olundu. Bununla Qarabağa istiqamətlənən yolumuz daha da genişləndi...

Torpaqlarımızın azadlığa qovuşması göstərir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 27 ildir icra olunmayan qətnamələrinin həyata keçirilməsi missiyasını Azərbaycan şəxsən özü icra edir. Ordumuzun əks-həmlə əməliyyatları nəticəsində BMT TŞ-nın 874 saylı qətnaməsinin (14 oktyabr 1993-cü ildə qəbul olunub) tələblərinin artıq bir hissəsini yerinə yetirilib.

Xatırladaq ki, sözügedən qətnamə atəşkəs sazişinin imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edir. Bundan əlavə, həmin qətnamədə əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapıb.

27 ildir yetinə yetirilməyən qətnamələr:

822-ci qətnamə (1993-cü il, 30 aprel): Kəlbəcərin işğalından sonra qəbul edilən qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Kəlbəcərdən və işğal etdiyi digər Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edir.

853-cü qətnamə (1993-cü il, 29 iyul): Bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edir.

874-cü qətnamə (1993-cü il, 14 oktyabr): Atəşkəsin imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edir.

884-cü qətnamə (1993-cü il, 12 noyabr): Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilir.

Qətnamələrin qəbul edilməsindən 27 ildən çox vaxt keçsə də, münaqişənin həlli istiqamətində heç bir addım atılmadı. İşğalçı Ermənistan BMT TŞ-nin qətnamələrini ayaq altına alaraq, nümayişkaranə şəkildə bu təşkilata hörmətsizlik nümayiş etdirdi və onun qəbul etdiyi rəsmi sənədləri yerinə yetirmədi. Nədənsə, BMT kimi nüfuzlu təşkilatın qətnamələrinin icra olunmaması üzv dövlətləri narahat etmir və buna görə heç kim Ermənistana təzyiq göstərmirdi.

Əlbəttə, ikili standarta əsaslanan yanaşmanı rəsmi Bakı birmənalı şəkildə rədd edir və tarixi ədalətin bərpa olunması üçün Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılmasını tələb edirdi. İşğalçı ilə işğala məruz qalan arasında fərqin qoyulmaması Ermənistanın təcavüzkar siyasətini davam etməsi üçün münbit zəmin yaradırdı və İrəvan Azərbaycana qarşı işğalçılıq siyasətindən bir addım belə geri çəkilmirdi. 30 ilə yaxın müddətdə Azərbaycana qarşı ədalətsiz və qərəzli yanaşma ölkəmizi Dağlıq Qarabağı azadlığa qovuşduracaq tarixi missiyanı döyüş meydanında həyata keçirməyə vadar etdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz BMT-nin nail olmadığı missiyanı yetirinə yetirməklə həm beynəlxalq hüququ, həm də ərazi bütövlüyünü bərpa edir. Bununla Azərbaycan diplomatik və hərb meydanında öz gücünü, qətiyyətli iradəsini dünyaya nümayiş etdirir.

Azvision.az


Teqlər: BMT   Qarabağ  





Xəbər lenti