“Prezident şad xəbəri verəndə, hönkürməyə başladım” - Zəngilan sakini

“Prezident şad xəbəri verəndə, hönkürməyə başladım” -  Zəngilan sakini
  21 Oktyabr 2020    Oxunub:9547
"Qonşuda ev təmir edirdim. Qızım gəlib dedi ki, ata, Prezident çıxış edir, gəl bax, birdən Zəngilanın müjdəsini verər. Yoldaşım, mən və qızım ayaqüstə elə televizorun qarşısında Prezidentimizin hər cümləsini diqqətlə dinləyirdik ki, bu dəqiqə Zəngilanın adını deyəcək”.
Bunu Azvision.az -a Zəngilan rayonunun Həkəri kəndindən məcburi köçkün düşmüş Məhəmməd Əhmədov doğma yurdunun azad olunmasından danışarkən deyib.

“Ürəyim sanki yerindən çıxırdı. Elə ki, Prezident şad xəbəri söylədi, nə edim, necə davranım bilmədim. Ucadan “Zəngilan alındı” deyə qışqırıb qonşuya qaçdım. Hönkürməyə başladım. Təsəvvür edin, mən orada dünyaya göz açmışam. İndi 60 yaşım var, bütün uşaqlıq, yeniyetməlik, gənclik xatirələrim hamısı orada qalıb. Bizim ən xoş günlərimiz öz torpağımızda qalıb. İndiyə kimi torpağı olmayan biri olaraq boynubükük qalmışdıq, içimizdə bir qubar hissi var idi. Bu günə çox şükür. Allah Prezidentimizi, Ordumuzu qorusun. Şəhidlərimizə rəhmət eləsin”.



27 il əvvəl Zəngilandan çıxmış Məhəmməd Əhmədov torpağına qayıdacağı ilə bağlı hər zaman ümidli olduğunu vurğulayıb.

“Bu hissi sözlə ifadə etmək çox çətindir. Elə bu an qaçıb gedib torpağımı öpmək, yurdumu gəzmək istəyirəm. Sanki neçə il sonra anasına qovuşmuş bir uşaq, sanki tamamlanmış biri kimiyəm. Qəlbinin başındakı o kədər yox olmuş kimidir. Çox gözəl bir hissdir. Bizə həmişə deyirdilər ki, sizə məcburi köçkün olaraq hər cür şərait yaradılıb, yaxşı şəraitiniz var. Amma, yox, bilmirlər ki, torpaq başqadır, öz yurdun başqadır. Orada aclıq da çəkərəm, amma öz torpağımda olduğum üçün xoşbəxt olaram".

Həmsöhbətimiz evindən, kəndindən çıxdığı o günü belə xatırlayır: “Oktyabrın 23-ü idi. Bizə dedilər ki, təcili kəndi boşaltmalısınız. Yoldaşım yemək hazırlamışdı ki, yeyək, o da qazın üstündə qaldı. Tez yoldaşımı, uşaqları, anamı avtobusa mindirdim. Arazın o tayına, İran tərəfinə keçdilər. Mən qonşularımızla kəndimizdə qaldım ki, evdən bəlkə nəsə bir iki şey çıxara bilərəm. Amma heç nə mümkün olmadı. Toy kasetimizi, fotoalbomu torpağa basdırdıq ki, bir-iki günə qayıdarıq. Amma 27 il geri dönə bilmədik. Oktyabrın 29-a qədər Arazın o tayında qaldıq. Oradan kəndimizə baxaraq evlərimizin dağıdılmasını, kül olmasını görürdük. Artıq rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı alıb və biz doğma yurdumuza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Elə indi qaçaraq gedərəm. Ora mənim yurdumdur”.

M.Əhmədov Zəngilana gedərkən ilk iş olaraq atasının və böyük qızının məzarını ziyarət edəcəyini deyib: “Torpağımı öpüb bağrıma basacağam. Allah sağ-salamat ora getməyi nəsib etsin İnşallah, orada qoyub gəldiyimiz şəraitimizi yenidən quracağıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Zəngilan   Məcburiköçkün  





Xəbər lenti