Komitə Azərbaycan diasporuna müraciət etdi

  21 Oktyabr 2020    Oxunub : 2584
Komitə Azərbaycan diasporuna müraciət etdi
Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan diasporuna müraciət edib.
Azvision.az xəbər verir ki, müraviətdə deyilir:

"Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində əldə etdiyi uğurlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinə səbəb olub. 30 ilə yaxındır işğalçıların tapdağı altında qalan ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası uğrunda haqlı mübarizə aparır.

Şübhəsiz ki, hadisələrin bu cür gedişatı bütün beynəlxalq normaları pozaraq özünü Dağlıq Qarabağda və Ermənistanda “qanuni hakimiyyət” elan edən kukla rejimində ciddi çaxnaşmaya səbəb olub. Bütün bunların fonunda erməni tərəfi barbar, qeyri-insani addımlar atır, cəbhədən uzaq Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrini, dinc Azərbaycan əhalisini və mülki obyektləri atəşə tutur. Cinayətkar rejimlərin bu addımları əminliklə “Qarabağ Ermənistanındır” bəyanatını verən antiazərbaycan ideoloqlarının aqoniyasından xəbər verir.

Beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya ictimaiyyəti işğalçı Ermənistan ordusunun Gəncə istiqamətindəki terror hücumlarını birmənalı şəkildə pisləyir. Beləliklə də, erməni tərəfi yalnız hərbi deyil, ideoloji cəbhədə də məğlub olur.

Azərbaycanın haqlı mövqeyinin (atdığı addımların) beynəlxalq səviyyədə düzgün anlaşılması və dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti nəticəsində baş verir. Bütün bunlar yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini və onların “böyük” diasporunu həyəcanlandırmaya bilməz.

Bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribatlar həyata keçirməsi təəccüblü deyil. Ermənilərin bu qanunsuz aksiyalarının məqsədi azərbaycanlıları müəyyən addımlara təhrik etməkdir. Sözügedən müstəvidə öz cinayətkar ideyalarının həyata keçirilməsinə üçüncü qüvvələri də cəlb etməyə çalışan ermənilərin təxribatlarına uymamaq çox vacibdir.

Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi ayıq-sayıq olmağa, yaşadığınız ölkələrin qanunları çərçivəsində fəaliyyət göstərməyə və ehtiyac yarandıqda hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırır.

Bizim işimiz haqq işidir. Biz qalib gələcəyik!, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Azvision.az

Teqlər: Diaspora