Nikol Paşinyanın psixoloji portreti

   Nikol Paşinyanın psixoloji portreti
  22 Oktyabr 2020    Oxunub:3703
Qışqırıqlar və qəfil isterik hərəkətlər, qeyri-adekvat və ziddiyyətli açıqlamalar, aşıb-daşan emosionallıq - bunlar hamısı Ermənistan baş nazirinin davranışını fərqləndirən xarakterik xüsusiyyətlərdir.
Hamımız Nikol Paşinyanın siyasi rəqibləri ilə danışdığı və bir növ “vizit kartı” halına gələn “divara basmaq, asfaltda yuvarlanmaq və cərrahi əməliyyat aparmaq” təhdidlərinin şahidi olmuşuq.

Bir dövlət xadimi üçün uyğun olmayan hərəkətlərə, olduqca normal olmayan ifadələrə tez-tez baş nazirin ətrafı tərəfindən “düzəlişlər edilir”. Bütün bunlar onun ölkəni idarə etmə metodlarında əks olunur. Bunu bir vaxtlar “Haykakan Zhamanak” qəzetinə rəhbərlik etdiyi kimi edir, yəni yalnız fəaliyyətinin miqyası dəyişdi, tərzi dəyişməz qaldı.

Nikol Paşinyanın çıxışlarını, iştirak etdiyi debatları, ümumilikdə siyasi fəaliyyətini, verdiyi qərarları izlədikdə aşağıdakı nəticələrə gəlmək olar:

1. O, isterik-epileptoid tipdir. Yəni, emosiyalara qapılıb, təsirindən çıxa bilmir, başqasının fikirlərini qəbul edə bilmir, yalnız öz dediyinin həqiqiliyinə inanıb onun doğruluğunu sübut etmə cəhd göstərir. Düşüncəsi bir fikirdə ilişib qalır, bunun altından çıxa bilmir, daim eyni fikri təkrarlayır. Bir ideyası yarandısa həmin ideya onda fiksasiya olunur və bu ideyadan əl çəkə bilmir. Buna görə də kompromisə getmək ona çox çətin gəlir, yalnız öz fikrini düzgün hesab edir, digərlərini anlamaq istəmir, dinləmir.

2. Emosional təşviş halı ona düzgün təhlil aparmağa imkan vermir, qavrama və dəyərləndirmə sistemində ciddi problemlər yaradır. Dinləmir, daha çox dinlənilmək istəyir. Yaşantıları düşüncə və əqidəsində qeyri-adekvatlılıq tutarsızlığa səbəb olduğu üçün davranışını idarə etməsinə və reallığı düzgün qiymətləndirməsinə mane olur. İnformasiya reallığa uyğun gəlmədiyi üçün emosiyaları da qeyri-adekvat olur.

3. Jurnalist peşə təfəkkürünə malik olması onda sözün əməldən daha güclü olduğuna inam yaradıb. Halbuki, siyasətdə, dövlət işində, diplomatiyada hər sözün altında güc olmalıdır, N.Paşinyan isə hətta ixtiyarındakı gücdən də düzgün istifadə edə bilmir. Və bu, onun idarəetmə bacarığının zəif olduğu qənaətinə gəlməyə tam əsas verir. Nitqində ilişmələr, bir-birini təkzib edən fikirlər, dil sürüşmələri müşahidə olunur. N.Paşinyanın bəzi çıxışlarında yanılıb həqiqəti etiraf etməsinin şahidi olmuşuq. Yeri gəlmişkən, bu bir daha onun siyasətçi, dövlət xadimi kimi psixoloji hazırsızlığına dəlalət edir.

4. Natamamlıq kompleksi – daima qeyri-müəyyən tarixə istinad etməsi və həmin tarixdən nicat axtarmasında özünü göstərir.

5. Bədən dili - Görüşlərdə düşdüyü çətin vəziyyətlərdə emosiyalarını idarə edə bilmir. Bunu onun özünə inamsızlıqdan irəli gələn davranışlarında, mimikalarının sürətli dəyişməsində, kəkələməsində görmək olar. Video süjetlərdə onu özü ilə baş-başa qaldığı anlarda təşviş və həyəcan içərisində sanki kimisə axtardığını, telefondan özünə dəstək aradığını müşahidə etmək mümkündür. Dayaq axtardığını əllərinin duruşunda, özünə inam əskikliyini isə qəddinin əyilməsində görmək olar. Çıxışları zamanı dərin və gərgin mimikalardan istifadə edərək başqalarını inandırmaq üçün çabalayır. Burada əsas emosiya isə qorxu və təşvişdir.

Bundan əlavə, N.Paşinyanın koqnitiv yetərsizlikdən əziyyət çəkdiyini, yəni informasiyanı düzgün işləyə və dəllillərə istinad edə bilmədiyini aydın görmək mümkündür. Eləcə də, davranışlarında paranoid və şizoid şəxsiyyət pozuntusunda özünü göstərən yüksək fikirlilik, maniya halları və emosional qeyri-stabilliyin əlamətləri müşahidə etmək mümkündür.

Material üzərində Asan təlim mərkəzinin psixoloqlar qrupu işlədi: Orxan Oruczadə, Zibeydə Bayramova, Aytac Səlimova və Zümrüd Əkbərova.

Azvision.az



Teqlər: Psixologiya  





Xəbər lenti