Paşinyan Hitler və Səddam Hüseynin yolu ilə gedir

Paşinyan Hitler və Səddam Hüseynin yolu ilə gedir
  23 Oktyabr 2020    Oxunub:3893
Ermənistan ordusu bir neçə dəfə Azərbaycanın yaşayış ərazilərinə ballistik raketlərlərdən atəş açıb. Nəticədə xeyli sayda mülki şəxs həlak olub və yaralanıb.

Araşdırmalar göstərir ki, həmin raketlərin dəqiqliyi çox aşağıdır, hətta yox səviyyəsindədir və belə raketlərin hərbi obyektlərə qarşı istifadəsi lazımı effekt vermir. (Ətraflı məlumatla BURADAN tanış ola bilərsiniz)
Mülki şəxsləri hədəfə alan Ermənistan rəhbərliyinin, xüsusən də baş nazir Nikol Paşinyanın bu addımı Almaniya faşistlərinin lideri Adolf Hitlerin II Dünya Müharibəsinin sonunda əlacsız qalıb FAU-2 raketlərindən istifadə etməsilə oxşarlıq təşkil edir. FAU-2 raketləri və Ermənistanın Azərbaycanın şəhər və rayonlarına atdığı SKAD (SCUD) raketləri dəqiqliyinə görə eyni səviyyədədir.

Ona görə də, Hitler qoşunları həmin raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə qarşı istifadə edirdi. Yəni, ermənilər kimi, alman faşistləri də bilirdilər ki, dəqiqliyi çox aşağı olan silahdan hərbi obyektlərə qarşı istifadə mənasızdır, ancaq dinc əhalini vurub, insanlarda qorxu yaratmaq olar. Hitlerin məğlub ordusu raketlərə son ümid silahı kimi baxırdı. Hazırda oxşar aqibəti Nikol Paşinyan yaşamaqdadır. Məğlub Paşinyan ordusu da SKAD (SCUD) raketlərinə son çıxış yolu kimi baxır.

Eyni zamanda xatırlatmaq yerinə düşər ki, ballistik raketlərlə İraqın sabiq prezidenti, diktator kimi tarixə düşən Səddam Hüseyn Səudiyyə Ərəbistanı, İran və İsrailin dinc şəhərlərini bombalayıb. Şübhə yox ki, bu gün Paşinyanın əlində kimyəvi silah olsa, düşünmədən bundan da istifadə edərdi. Başqa sözlə desək, Paşinyan aşkar şəkildə Hitler və Səddam Hüseynin yolu ilə gedir...



Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a bildirib ki, Paşinyan erməni xalqına və dünyaya iç üzünü göstərir. Ermənistanın baş naziri hazırda özünü müdafiə etmək üçün hər yola əl atmaqdadır.

"Bu gün istər beynəlxalq hüquq, istərsə də ölkələrin cinayət məcəlləsində elə bir bənd yoxdur ki, Paşinyana şamil ola bilməsin. Ballistik raketlərin atılması əsgərin işi deyil. Bununla bağlı qərarı qəbul edən hərbi-siyasi rəhbərlikdir. Ballistik raketlərin dinc əhaliyə atılması ən yuxarı səviyyədə verilən əmrdir. Paşinyan bütün beynəlxalq qanunları və tələbləri qəbul edənlərə qarşı hörmətsizlik göstərir və hərbi cinayətə əl atır. Bu raketlər uşaq-böyük, gecə-gündüz demədən döyüş ərazisindən bir neçə yüz kilometr uzaqda olan yaşayış məntəqələrinə atılır, mülki şəxslər həlak olur. Bununla Paşinyan 21-ci əsrdə dünyada ən qaniçən rəhbər şəxs kimi yadda qalacaq. Onun aqibəti bəllidir. Döyüş meydanında tab gətirə bilməyən rəhbər öz xalqı arasında nüfuzunu itirdiyi üçün bu cür xain hücumları həyata keçirir. Onlar hazırda yaşından asılı olmayaraq əlinə kim keçdi ölümə göndərirlər. Bu da həm erməni xalqı, həm də Paşinyan üçün çox pis qurtaracaq. Ermənistanda bundan sonrakı nəsillər də ona nifrətlə yanaşacaq, adı hər zaman nifrətlə çəkiləcək".



Hərbi ekspert qeyd edib ki, Ermənistandan ölkəmizə atılan ballistik raketlər 30-40 il bundan əvvəl istehsal olunub:

"Rusiya öz anbarlarını yeni növ silahlarla dəyişdirən zaman köhnə silahları Ermənistana kredit yolu ilə verir. Bu ballistik raketlər də anbarları boşaltmaq üçün ora göndərilib. Ballistik raketlər mütəmadi olaraq atılmalı və yoxlanılmalı idi. Ermənistanın maliyyə imkanları olmadığı üçün ballistik raketləri necə almışdılarsa, elə də qalıb. Lazımi texniki işlər aparılmayıb. Bu baxımdan atılan bir neçə ballistik raket Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən asanlıqla məhv edilib. Həmçinin, ballistik raketlərin hədəfdən yayınması göz önündədir. 30-40 il bundan əvvəl istehsal olunan raketlər hədəfdən 450 metrə qədər yayına bilir. Yeni nəsil silahlarda bu göstərici 15-20 metrdir. Həmin ballistik raketlər daha çox nüvə başlığı daşıyan silahlardır. İstehsal olunduğu zaman bunun üçün nəzərdə tutulmuşdu. Artıq beynəlxalq qurumlar da bunu görür. Bir sıra dövlətlər erməni vəhşiliyini görüb onlardan üz döndərir. Ümumilikdə, Ermənistanın münaqişədə istifadə etdiyi silahların sayı statistikada göstərilən, beynəlxalq qurumların nəzarətində olan silahlardan qat-qat çoxdur. Bu da gələcəkdə müzakirə predmeti olacaq", - deyə Ramaldanov vurğulayıb.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Paşinyan   Hitler   Raket  





Xəbər lenti