İşğaldan azad olunan yerlərdə kənd təsərrüfatı inkişaf etdiriləcək

  23 Oktyabr 2020    Oxunub : 2575
İşğaldan azad olunan yerlərdə kənd təsərrüfatı inkişaf etdiriləcək
İşğaldan azad edilmiş ərazilərdə yerləşən Suqovuşan və Xudafərin su anbarlarının resurslarının torpaqların suvarılması üçün istifadə edilməsi bölgənin kənd təsərrüfatının inkişafına çox müsbət təsir edəcək.
Bunu Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib. Onun sözlərinə görə, Suqovuşan su anbarındakı suyun Tərtərçayın təbii axınına verilməsi hazırkı məqamda təxminən 20 min hektar sahənin suvarılmasını təmin edir.

“Hazırda işğal altında olan, lakin yaxın günlərdə azad edəcəyimiz ərazilərdə bir sıra vacib infrastruktur obyektləri, o cümlədən Sərsəng, Xaçınçay, Ağdam kənd, Vəlvələçay və bir neçə böyük su anbarları yerləşir. Bölgənin əsas su ehtiyyatları işğal altındakı dağlıq ərazilərdə formalaşırdı və Ermənistanın on illərdir ki, Azərbaycana qarşı yürütdüyü ekoloji terror siyasəti nəticəsində həmin su resurslarından istifadə mümkün deyildi. Bu da nəticə etibarı ilə son 30 ildə bizim nəzarətimizdə olan, amma suvarma problemləri ilə əlaqədar becərilməyən sahələrin olmasına gətirib çıxarırdı. Tərtər və Goranboy ərazilərindəki həmin torpaqların artıq əkin dövriyyəsinə qaytarılması təmin olunacaq”.

V.Hüseynov qeyd edib ki, işğaldan azad olunan kənd təsərrüfatı əhəmiyyətli torpaqların əkin dövriyyəsinə daxil edilməsi əkin dövriyyəmizin genişlənməsinə, suvarma probleminin köklü şəkildə həll olunması kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək.

“İşğal altında qalan və işğaldan azad olunmuş ərazilərdə sovetlər dönəmində kənd təsərrüfatının əsas sahələri olan pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etdirilmişdi. Təbii ki, həmin rayonlarda kənd təsərrüfatının inkişafı məhz ənənəvi sahələr üzrə davam etdiriləcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Suqovuşan   Xudafərin   Kənd-təsərrüfatı