“Həcc ziyarətimiz azad edilən torpaqlar olacaq” - Şirin Mirzəyevin xanımı

 “Həcc ziyarətimiz azad edilən torpaqlar olacaq” -  Şirin Mirzəyevin xanımı
  23 Oktyabr 2020    Oxunub:2844
“Şirin sağlığında jurnalistə müsahibəsində demişdi ki, təki Azərbaycan Ordusu yaransın, mən orada sıravi əsgər kimi qulluq edərəm”.
Bunu Azvision.az -a Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova Ordumuzun qələbələrindən danışarkən deyib. O, bildirib ki, uzun illərin həsrətinə son qoyulur.

“Bundan artıq sevinc olarmı? Bunu bizə yaşadan Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ruhu şaddır. Prezident həmişə ən mötəbər kürsülərdən deyirdi ki, Azərbaycan xalqı heç vaxt bu təcavüzlə barışmayacaq. İşğal olunmuş Xankəndində, Şuşada və digər rayonlarımızda Azərbaycan bayrağı dalğalanacaq. Bunu müsahibələrində, görüşlərdə ermənilərə çatdırırdı. Barış, sülh olsun deyirdi. Bir milyon qaçqın, köçkün sülh naminə 27 ildir gözləyirdi. İnsan öz əli ilə tikdiyi evinə həsrət qalar? Doğma torpağından qaçqın düşər? İşğal olunmuş kəndlərimizdə, rayonlarımızda azərbaycanlılara məxsus evləri yerlə yeksan ediblər. Qəbiristanlıqları dağıdıblar. Bu cinayətkar toplumdur, dünyadan caynağı ilə yapışıb. Tək region üçün deyil, bütün dünya üçün təhlükədir. Məni ən çox sarsıdan odur ki, alman faşizminə qarşı bütün dünya birləşdi, çıxdığı yerə kimi qovdu, başını əzdi. Amma bu gün alman faşizmindən də qəddar faşizmlə, terrorla mübarizədə dəstək olmaq istəmirlər. Təcavüzkarı, uşaq qatillərini necə müdafiə etmək olar. Bunlarla qonşu olasan ki, biləsən necə millətdirlər. Türkiyəyə də, Azərbaycana da nankorluq etdilər, xəyanətlərə yol verdilər. Yəhudilər, ləzgilər, talışlar kimi Azərbycanı özlərinə vətən hesab etməli idilər”.


(Milli Qəhrəman Şirin Mirzəyev)

Milli Qəhrəmanın xanımı keçmiş günləri xatırlayaraq deyib: “Bir otaqdan o biri otağa keçəndə televizorun səsini qaldırıram ki, hansısa xəbəri birdən qaçırdaram. Ordumuzun qalibiyyəti ilə əyilmiş qürurumuz qalxdı. Şirin Mirzəyevin ən böyük arzusu Azərbaycan Ordusunu yaratmaq idi. Sağlığında müsahibə vermişdi, orada demişdi ki, təki Azərbaycan Ordusu yaransın, mən sıravi əsgər kimi qulluq edərəm. Ürəyi ancaq Ordunun yaradılması ilə döyünürdü. Ermənilər sovet ordusunun bütün hərbi hissələrində olan silahları mənimsəmişdilər. Şirinin nələr çəkdiyini mən bilirəm. Pərakəndəlik idi, insanlar qorxu içində, silah tapılmırdı.

İndi sevinirəm, Xocalıda, Qaradağlıda cinayət törədənlər nənayət ki, cəzalandırılacaqlar. Mən o günü gözləyirəm. Qohumlarım Ağdamda yaşayırdı. Ora azad olunandan sonra ilk olaraq məzarları ziyarət edəcəyəm. Onların ruhları əsr alınıb. Babamı vəsiyyəti əsasında Şuşada cıdır düzündəki həyətində dəfn etmişdilər. Ermənilər işğal zamanı onun qəbrini də dağıdıblar. Xankəndindəki məzarlıqlarımızın da aqibəti eyni olub.

İnsanlar müqəddəs yer olaraq işğaldan azad olunmuş torpaqlarımızı ziyarət etsinlər. Bizim üçün Həcc ziyarəti azad edilən torpaqlar olacaq”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞirinMirzəyev   MilliQəhrəman   FloraQasımova  





Xəbər lenti