“Döyüşdən foto və video paylaşmaq hərbi cinayətdir”

 “Döyüşdən foto və video paylaşmaq hərbi cinayətdir”
  23 Oktyabr 2020    Oxunub:6254
“İndiki məqamda işğaldan azad olunmuş rayonlarımız və hərbiçilərimizlə bağlı Müdafiə Nazirliyinin təsdiqləmədiyi məlumatları sosial şəbəkələrdə yaymaq hərbi cinayət sayılır”.

Bunu Azvision.az -a açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev müharibə şəraitində sosial şəbəkələrdə informasiya təhlükəsizliyinə əməl edilməməsindən danışarkən deyib.
Ekspert bildirib ki, hərbi qulluqçuların mobil telefon, xüsusən smartfonlardan istifadəsi qəti qadağandır:

“Bu barədə Müdafiə Nazirliyinin sərəncamlarında göstərilib. Hərbi qulluqçu hətta qadağalara məhəl qoymadan telefondan istifadə edib, hər hansı bir görüntü paylaşmış olsa belə, onun eyni şəkildə sosial mediada yaymaq qadağandır. İstər hərbi qulluqçu, istərsə də sivil əhali olsun, videogörüntüləri çəkərkən fərqində olmadan sosial mediada kordinatları paylaşmış ola bilər. Bununla düşmənə xidmət etmiş olar. Hərbi qulluqçular bu məsələyə çox ciddi diqqət etməli, onların ailələri öz övladlarından və yaxınlarından gəlmiş video və foto görüntüləri heç bir şəkildə paylaşmamalıdır. Düşmən həmin görüntülərdən istifadə edir. Bundan başqa, döyüş sahəsindən olan foto və videoda əsgərimizin mövcud təchizatı, yeri, partifikasiya qurğularımız və döyüş texnikamız haqqında düşmən bir şəkil vasitəsilə məlumat əldə etmiş olur. Bu, döyüşün gedişatına ciddi zərbədir, kəşfiyyat məlumatı olaraq düşmən tərəfindən qiymətləndirilir. Bütün bunları nəzərə alaraq, həm hərbi qulluqçulara, həm də Azərbaycan xalqına səslənirəm ki, torpaqlarımızın azad olunmasını istəyirlərsə, informasiya təhlükəsizliyi məsələlərinə ciddi riayət etsinlər”.



Ekspert bildirib ki, sosial mediadan istifadə ilə bağlı dövlət qurumlarının müvafiq göstərişlərinə əməl olunmalıdır: “Sosial qınaq çox önəmlidir. Əsgərlərin videolarını, fotolarını paylaşan insanları sosial qınağa məruz qoyaraq qarşını ala bilərik. Müharibədə önəmli faktorlar ümumi silahlı qüvvələr, siyasi iradə və xalqın birliyidir. Xalqın birliyi sosial qınağı istifadə edərək bu cür halların baş verməməsinə xidmət etməlidir. Bəlkə də, görüntüləri yayanlar pis niyyətlə bunu etmirlər. Lakin önəmli olan kiminsə niyyəti deyil, nəticədir. Nəticə isə acınacaqlı olur. Bir qədər səbr edək, tam nəticəni əldə etdikdən sonra paylaşaq. Ən etibarlı mənbə Ali Baş Komanadanın paylaşdığı və Müdafiə Nazirliyinin müvafiq səhifələrindəki məlumatlar olacaq. Bunun xaricində hər hansısa "bir yeri almışıq, filan rayona girmişik" kimi açıq və mətinaltı mesaj ötürmək hərb cinayəti sayılır. Sosilal mediada əsgərin hansısa bir görüntüsü onun üzərindəki təchizat, geyim və digər kəşfiyyat məlumatları deməkdir. Döyüş sahəsində hədəf təkcə obyektlər, hərbi texnikalar deyil, eyni şəkildə hərbi qulluqçular olur. Xüsusən də general və polkovnik kimi döyüşçülərin şəkillərini paylaşmaq bir növ düşmənə xidmət etmək deməkdir. Bundan snayperlər üçün istifadə edə bilərlər. Xüsusi təyinatlı əməliyyatlarda mühüm personallar və şəxslər də hədəf olaraq qoyulur. Bunu nəzərə almaq lazımdır”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İnformasiya   Təhlükəsizlik   Döyüş  





Xəbər lenti