İranla sərhədin tam bərpası ölkəmizə nə vəd edir? - ŞƏRH

 İranla sərhədin tam bərpası ölkəmizə nə vəd edir? -  ŞƏRH
  23 Oktyabr 2020    Oxunub:5165
Xəbər verdiyimiz kimi, ötən gün Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edilib. Ölkəmiz üçün həm tarixi, həm də strateji əhəmiyyət daşıyan Ağbəndin azad olunması ilə Azərbaycanın İranla sərhədi tam bərpa edilib.
Bu tarixi hadisəni ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması istiqamətində növbəti strateji qələbə kimi qiymətləndirmək olar. İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi mühüm əhəmiyyət daşıyır. Bununla ermənilərin illərlə Dağlıq Qarabağ üzərindən apardığı narkotik qaçaqmalçılığına və digər qanunsuz fəaliyyətlərə son qoyuldu...

Əlbəttə, işğal olunmuş ərazilər “qara bölgə” kimi yalnız gizli narkotrafik deyil, beynəlxalq terrorizm yuvasına, qanunsuz miqrasiya məkanına da çevrilmişdi. Bundan başqa, uzun illər Ermənistanın işğalı altında olan nəzarətsiz sərhədlərimiz bütün bölgənin, o cümlədən İranın da təhlükəsizliyinə ciddi təhdid, böyük risk idi. Bu baxımdan Azərbaycanın İranla sərhədə tam nəzarət etməsi iki qonşu, dost ölkənin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Məlumat üçün bildirək ki, Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Onun 132 kilometri nəzarətsiz qalmışdı. İndi İranla olan bütün sərhədboyu ərazilərə tam olaraq Azərbaycan sərhədçiləri nəzarət edir. Bununla həm də İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsildi.

Təsadüfi deyil ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycan və İran xalqına təbrik ünvanladı. Bu isə özlüyündə sərhədlərin tam bərpasının iki ölkə üçün daha geniş imkanlar yaradacağından xəbər verir.

Ekspertlərin də fikrincə, Azərbaycanın İranla dövlət sərhədini tam nəzarətə götürməsi iki ölkə arasında iqtisadi əlaqələri daha genişləndirəcək, ticarət dövriyyəsini artıracaq, İranın Azərbaycanla sərhəd bölgələrinin dirçəlməsinə, əhalinin rifah halının yaxşılaşmasına səbəb olacaq. Bundan başqa, indiyədək heç bir infrastruktur, yaşayış olmayan sərhədboyu ərazilərə Azərbaycan əhalisinin qayıtması bölgədə iqtsiadi prosesləri canlandıracaq, hər iki istiqamətdə gediş-gəliş aktiv şəkildə bərpa olunacaq.

Azərbaycan və İranın bölgələrinin sosial-iqtisadi inkişafı ilə işğal altındakı olan ərazilərdə mövcud vəziyyətin müqayisəli təhlili göstərir ki, qarşıdan gələn dövrdə həmin bölgələri hansı gözəl perspektivlər gözləyir. Bundan sonra hər iki qonşu, dost ölkə Araz çayının su və enerji ehtiyatlarından da daha səmərəli istifadə edəcək. Nəzərə alaq ki, artıq “Xudafərin” hidroqovşaq bəndinin tikintisinin 90 faizi tamamlanıb.

Onu da qeyd edək ki, sərhədlərin bərpasından sonra Araz çayının su ehtiyatlarından yararlanmaq imkanları xeyli genişlənir. Hansı ki, son illər Azərbaycanın bir sıra bölgələrində quraqlıq, su çatışmamazlığı müşahidə edilirdi, Araz çayının su ehtiyatlarının bu işə cəlb edilməsi ilə məlum problemin həllində dönüş yaranacaq. Qısası, Ağbəndin işğaldan azad edilməsi, İranla həmsərhəd ərazilərin ordumuzu nəzarətinə keçməsi hər iki ölkənin və eləcə də bölgənin inkişafına böyük təkan verəcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ağbənd   İran   Azərbaycan   sərhəd  





Xəbər lenti