“İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı böyükdür”

 “İşğaldan azad edilən ərazilərin iqtisadi potensialı böyükdür”
  24 Oktyabr 2020    Oxunub:3032
İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Həmin torpaqlar kənd təsərrüfatının inkişafı baxımından vacib ərazilər hesab olunur.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, həmin ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı qiymətləndirmələr aparılacaq.

“İşğaldan azad olunan bölgələrimiz üzrə kənd təsərrüfatının inkişafının dəyərləndirilməsi nəzərdə tutulur. Burada məqsəd aqrar sektorun inkişafı, təşviqedici tədbirlərin həyata keçirilməsinə nail olmaqdan ibarətdir. Füzuli rayonu işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayon idi. Həm üzüm, həm taxıl, həm də pambıq istehsalına görə 80-ci illərdə respublikanın öndə gedən rayonlarından idi. Eyni tendensiya Cəbrayıl və Zəngilan rayonlarında da müşahidə edilirdi”.

Deputat qeyd edib ki, işğaldan azad olunan rayonlar növbəti mərhələdə Azərbaycan iqtisadiyyatına, xüsusən də ölkənin ərzaq təminatına və ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi töhfə verəcək.

“Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür, su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazidədir. Eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatı üçün faydalı torpaq sahələri var. Torpaqlarımızın işğaldan azad olunması sonrakı mərhələdə kənd təsərrüfatı məhsullarının artmasına, ölkədə ərzaq təhlükəsizliyinin güclənməsinə, o cümlədən Azərbaycanın qeyri-neft ixracatının artmasına müsbət təsir göstərəcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat   Kənd-təsərrüfatı  





Xəbər lenti