“Ordumuzun zəfər yürüşü davam edir” - Anar Eyvazov

  “Ordumuzun zəfər yürüşü davam edir” -    Anar Eyvazov
  23 Oktyabr 2020    Oxunub:4290
Oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edib. Düşmən müdafiə mövqelərimizi, o cümlədən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atıcı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Ağcabədi rayonu və digər istiqamətlərdə uçuş keçirməyə cəhd göstərən düşmənin 3 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib, 2-si isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Döyüş texnikası, silah və sursat, ərzaq ehtiyatları azalan düşmən artıq qoşunlarını praktiki olaraq idarə edə bilmir. Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonlarından Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət də Azərbaycan əsgərləri ilə döyüşlərə girməkdən imtina edir, mövqeləri qoyub qaçır. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir. Düşmənin vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri də tam olaraq iflasa uğrayıb.

Diqqətə çatdırılıb ki, bu gün Prezident, müzəffər Ali Baş Komandanımız İlham Əliyev özünün rəsmi “Twitter” hesabında müzəffər Azərbaycan Ordusunun Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edildiyini bildirib.

“Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər gedir. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuzun zəfər yürüşü davam edir. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov vurğulayıb.

Azvision.az


Teqlər: Anar-Eyvazov  





Xəbər lenti