Azərbaycanın İtaliyadakı səfiri: Biz ədalət istəyirik!

Azərbaycanın İtaliyadakı səfiri:    Biz ədalət istəyirik!
  24 Oktyabr 2020    Oxunub:2359
Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və ölkəmizin atdığı addımlar, Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən İtaliyadan gözləntiləri barədə səfir Məmməd Əhmədzadə İtaliyanın “Sputnik Italia” və “First Online” xəbər portallarına müsahibələr verib.
Azvision.az xəbər verir ki, müsahibələr “Azərbaycanın İtaliyadakı səfiri: Biz ədalət istəyirik” və “İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır” başlıqları ilə dərc olunub. Səfir müsahibələrdə Ermənistanın otuz ildən artıqdır ki, ölkəmizin iyirmi faiz ərazisini işğal edərək həmin yerlərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini bildirib. Diqqətə çatdırıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri həm cəbhə xəttində Azərbaycan ordusunun mövqelərini, həm də yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutub, bu müddət ərzində əldə olunmuş humanitar atəşkəs barədə razılığa əməl etməyib, cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizə, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirib. Ermənistanın məqsədi ölkəmizin ərazilərinin işğalını davam etdirməklə yanaşı, yeni torpaqlar əldə etməkdir. Azərbaycan isə ədalət istəyir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə hörmətlə yanaşılımasını tələb edir. Azərbaycan Ordusu ölkəmizin suveren ərazisində işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanı sülhə məcbur etmək üçün vuruşur.

“Türklərin F-16 qırıcı təyyarəsinin döyüşlərdə iştirak etməsi” ilə bağlı suala cavab olaraq M.Əhmədzadə Türkiyənin Azərbaycanın dostu və vacib tərəfdaşı olduğunu, lakin sadəcə mənəvi dəstək verdiyini və hərbi əməliyyatlarda iştirak etmədiyini diqqətə çatdırıb. Bildirib ki, 10 milyonluq əhalisi, yaxşı təlim görmüş və komplektləşdirilmiş ordusu olan Azərbaycanın hərbi yardıma ehtiyacı yoxdur. Ölkəmiz müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif təchizatçılardan silahlar alır və bunu hər zaman açıq bəyan edir. Əslində beynəlxalq ictimaiyyət kasıb, maliyyə resursları olmayan və borc içində boğulan Ermənistandan bütün bu hərbi avadanlıqları almaq üçün haradan bu qədər çox pul əldə etməsini soruşmalıdır.

M.Əhmədzadə “döyüşlərə Suriyadan gələn cihadçıların cəlb olunması” iddiasına cavab verərək, bunun tamamilə saxta xəbər olduğunu və Ermənistan ordusunun döyüş meydanında ağır məğlubiyyətə uğraması səbəbindən bu ölkənin rəhbərliyi tərəfindən qəsdən və məqsədli şəkildə yayıldığını diqqətə çatdırıb. Diplomat bu münaqişənin Azərbaycan və Ermənistan arasında olduğunu bildirib. Vurğulayıb ki, Ermənistanın baş naziri dünyanın əksər aparıcı paytaxtlarına davamlı olaraq zəng vurub yardım dilənir. Ermənistanın bu münaqişəni beynəlmilləşdirməsi cəhdləri destruktiv və təhlükəlidir.

Səfir, həmçinin Ermənistan tərəfinin bu saxta məlumatı yaymaqda məqsədinin münaqişəyə dini məzmun vermək və beləliklə də qərb ölkələrindəki ictimai fikri öz tərəfinə çəkmək olduğunu deyib. M.Əhmədzadə əslində Ermənistan silahlı qüvvələrinin tərkibində Livan və Suriyadan gələn xarici döyüşçülərin və onların arasında Yaxın Şərqdə yaradılmış “ASALA – Ermənistanin azadlığı uğrunda gizli erməni ordusu” kimi beynəlxalq səviyyədə tanınmış terrorçu təşkilatların üzvlərinin olduğunu qeyd edərək, beynəlxalq ictimaiyyət tərəfindən bunun qınanılmasının vacibliyini vurğulayıb.

Münaqişənin tarixi və başvermə səbəbləri haqqında danışan M.Əhmədzadə Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olması, XIX əsrdən başlayaraq ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal etməsi və bu ərazilərdə yaşayan bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsi, eləcə də Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı soyqırımı və digər müharibə cinayətləri törətməsi barədə məlumat verib. Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə qondarma qanunsuz rejim yaratdığını bildirən səfir Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də daxil olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərin olduğunu, lakin Ermənistanın bunlara məhəl qoymadığını diqqətə çatdırıb.

Azərbaycan-İtaliya münasibətləri haqqında danışan səfir M.Əhmədzadə bu iki dövlətin dost, habelə strateji tərəfdaş olduğunu, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizinin Azərbaycanın payına düşdüyünü, eləcə də Azərbaycanın İtaliyanın ən böyük neft təchizatçısı və italyan məhsullarının ən böyük idxalçısı olduğunu bildirib. O, bu ilin fevral ayında İtaliyaya səfəri zamanı Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının baş naziri Cüzeppe Konte arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin imzalanması ilə ikitərəfli münasibətlərin enerji sahəsində tərəfdaşlıqdan daha da irəli gedərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib. Diplomat Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərdiyini və bu şirkətlərin Azərbaycandakı iri layihələrə cəlb olunduğunu, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya gələcək Azərbaycan qazı sayəsində İtaliyanın Avropada enerji qovşağı rolunu oynayacağını qeyd edib.

Səfir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji infrastruktur obyektlərini hədəfə aldığını və Azərbaycanın geostrateji ərazilərinin mərkəzindəki neft-qaz kəmərlərinə ziyan vurulacağı təqdirdə bunun İtaliyanın da iqtisadi maraqlarına zərbə vura biləcəyini deyib, bu xüsusda İtaliyanın Ermənistanı sülhə məcbur etmək üçün daha fəal rol olmasının vacibliyini bildirib.

“Beynəlxalq ictimaiyyətdən nə tələb edirsiniz?” sualına cavab olaraq, M.Əhmədzadə Azərbaycanın beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü açıq şəkildə qınamağı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən təcili, tam və qeyd-şərtsiz çıxarılması üçün Ermənistana təzyiq göstərməyi tələb etdiyini söyləyib.

Azvision.az


Teqlər: İtaliya   Səfir  





Xəbər lenti