İlham Əliyev Qarabağın gələcəyindən danışdı

   İlham Əliyev Qarabağın gələcəyindən danışdı
  24 Oktyabr 2020    Oxunub:3748
Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Qarabağın gələcəyi ilə bağlı baxışından danışarkən səsləndirib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”.

İki millətin, iki xalqın barışacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. “Ermənistan da daxil olmaqla indiyədək heç kim “Dağlıq Qarabağı respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ermənilər və azərbaycanlılar üçün ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır. Mənim planım bundan ibarətdir”, - deyə dövlətimizin başçısı bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti