“Arturun ölümü digər ölkələr üçün həyəcan siqnalı olmalıdır”

 “Arturun ölümü digər ölkələr üçün həyəcan siqnalı olmalıdır”
  24 Oktyabr 2020    Oxunub:4897
“Ermənistanın hazırkı iqtidarı hərbi cinayətlərin sayı və həcminə görə bir çox terror təşkilatlarını geridə qoyub”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan seçilən deputatı Ceyhun Məmmədov bildirib. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan Ceyhun Məmmədov Gəncəyə raket hücumu nəticəsində daha bir mülki şəxsin - Rusiya vətəndaşının dünyasını dəyişməsini təəssüf doğuran hal kimi qiymətləndirib.

Onun sözlərinə görə, artıq erməni vandalizminin qurbanları arasında xarici ölkə vətəndaşlarının olması başqa ölkələr üçün həyəcan siqnalı olmalıdır: “Ümumiyyətlə, Paşinyan iqtidarının hazırkı fəaliyyətində bu cür təxribatların, hərbi cinayətlərin törədilməsi adi hala çevrilib. Təkcə Gəncə yox, eyni zamanda bizim bir çox rayon və yaşayış məntəqələrimizdə erməni vəhşiliklərinin izlərinə rast gəlirik. Döyüş bölgəsindən çox uzaq məsafələrdə - Qəbələ, Xızıda belə erməni hərbi cinayətlərinin nişanələri var. Biz zaman-zaman Bakının da hədəf seçilməsinin şahidi olmuşuq. Ermənilər öz vəhşi əməllərini bütün ölkəboyu davam etdirməyə cəhdlər edirlər. Gəncə ölkəmizin ikinci böyük şəhəridir. Burada xeyli sayda xarici vətəndaş olur. Bu gözəl şəhərdə həm konsulluqlar fəaliyyət göstərir, həm də bura ayrı-ayrı vacib sahələrlə, iqtisadi məsələlərlə bağlı davamlı şəkildə müxtəlif ölkələrin vətəndaşları səfərlər edirlər.

Bu baxımdan Ermənistan aramsız hücuma məruz qoyduğu şəhərlərdən olan Gəncəni hədəf kimi seçəndə belə amilləri nəzərə almalı idi. Yəni istənilən müharibə aparan ölkə vuracağı ərazini dərindən araşdırır və oradakı hərbi obyektləri seçir... Amma Ermənistan üçün nəinki dediyimiz əcnəbilərin çox olması amili, ümumiyyətlə hərbi obyektlər maraqlı deyil. Təki daha çox mülki insan qırğınına səbəb olsunlar. Hazırda Paşinyanın komandasının yeganə istəyi və marağı var ki, bu da təxribatlarla Azərbaycanı onların ərazilərinə hücum etməyə vadar etsin”.



Deputat deyir ki, ermənilər harada yaşayıblarsa, həmin yerlərdə zaman-zaman ərazi iddiaları ilə çıxışlar ediblər. Ceyhun Məmmədov vaxtında erməni xalqının belə əməlləri və anormal istək-arzularına görə cəzalandırılmamasının indiki böyük faciələrlə nəticələndiyini söyləyib:

“Gəncədə nəinki azərbaycanlılar hərbi cinayətlərdən əziyyət çəkirlər, bu yaxınlarda başqa millətdən olan bir yaşlı qadın da ağır yaralanmışdı. İndi Rusiya vətəndaşı olan bir gəncin həyatına son qoyuldu. Bu, artıq son nöqtədir. Ermənistanın hərbi cinayətlərinə xarici ölkələr konkret mövqe sərgilənməlidir. Artıq bizim xeyli sayda vətəndaşımız sırf bu hərbi cinayətlər nəticəsində dünyasını dəyişib. Onların yerində bir neçə əcnəbi vətəndaşlar da ola bilərdi. Ona görə dünya birliyi Ermənistanın bu kimi əməllərinin qarşısını almalıdır ki, bundan sonra öz vəhşiliklərini genişləndirməsinlər. Görünən odur ki, bu millət hər cür təxribata getməyə hazırdır”.

Deputat xatırladıb ki, Ermənistanın istifadə etdiyi raketlərin çoxu bizim hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir. Bu yaxınlarda bir sıra şəhərlərə, o cümlədən Gəncəyə təxribat hücumlarının qarşısı alındı:

“Dünya ölkələri zatən görürdü ki, ermənilər bu raketləri daha çox insanların yaşadıqları yerlərə, şəhərin mərkəzlərinə atırlar. Fərqi yoxdur dünyasını dəyişən əcnəbidir, ya yerli sakin, hücumun özü xain plandır, ağır cinayətdir. Xain hücumlar insanlarımızın döyüş əzmini qırmır, xalqın ruh yüksəkliyinə təsir etmir. Ermənistana son hadisələr əldə əsas tutularaq ciddi cəzalar verilməli, müəyyən qadağalar tətbiq edilməlidir. Çünki bu hücumlarda eyni zamanda qadağan olunmuş silahlardan da istifadə edilir. Bu raketlər bir sıra hallarda Ermənistan ərazisindən atılır. Məqsədli şəkildə istəyirlər ki, biz də erməni xalqına qarşı hərbi cinayətlər törədək. Ancaq cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan bu cinayətlərin qisasını döyüş meydanında alır. Bizim hədəflərimiz mülki əhali olmayıb və əsgərimiz cəbhə bölgəsində döyüşərək legitim hədəfləri neytrallaşdırır. Müharibə başlayandan bu günə kimi hər gün Goranboy, Tərtər və digər ərazilər atəşə tutulur, dağıntılar törədilir.

Ermənilər üçün adi hal olan cinayətlərə son qoyulmalıdır. İndi bir sıra ölkələr Azərbaycana atəşkəsə əməl edin deyir. Biz atəşkəsə əməl edirdik. 30 ilə yaxındır ki, danışıqlar aparıb bir masa arxasında otururduq. Ermənistan isə bu illərdə daha çox təxribatlar törətmək, yeni Azərbaycan ərazilərini işğal etmək üçün çalışırdı. Bu gün artıq öz torpaqlarımızı işğaldan azad edirik. Geri çəkilən Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyət daşıyacaq. Bütün hərbi cinayətlər aktlaşdırılıb, rəsmiləşdirilib və bununla bağlı beynəlxalq qurumlara müraciət olunacaq. Ermənistanın cəzalandırılması üçün bütün addımlar atılacaq”

Xatırladaq ki, oktyabrın 17-də Ermənistan tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilieviç xəsarət almışdı. O, bu gün Gəncədə müalicə olunduğu xəstəxanada vəfat edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ceyhun-Məmmədov   Gəncə   Rusiyavətəndaşı  





Xəbər lenti