Erməni terrorizmi ABŞ-ı da ciddi narahat edir

Erməni terrorizmi ABŞ-ı da ciddi narahat edir
  25 Oktyabr 2020    Oxunub:3265
ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytında terror xəbərdarlığı ilə bağlı məlumat yerləşdirilib. Səfirlik ölkəmizdəki ABŞ vətəndaşlarına tövsiyə edir ki, ehtiyatlı və sayıq olmaq, kütlənin çox olduğu yerlərdən yayınmaq lazımdır.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti ölkəmizdə ehtimal olunan erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq ünvanlamışdı.

Əslində ABŞ hökuməti Gəncədə böyük bir məhəlləni raketlə vuran, xeyli sayda insanı öldürən Ermənistanın mülki əhaliyə qarşı həyata keçirdiyi terror hadisələrini dünyanın istənilən yerində təkrarlaya biləcəyini bilir. Bu gün erməni terrorizmi, ermənilərin hərbi cinayətləri digər ölkələr kimi ABŞ-ı da ciddi narahat edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin xəbərdarlığından sonra ABŞ-ın Bakıdakı səfirliyi vasitəsilə vətəndaşlarına yenidən müraciət etməsi təbii hesab olunur. Ermənistanın terrorçu keçmişi heç kimə sirr deyil. Son günlər Azərbaycanın şəhərlərinə, xüsusən Gəncəyə raket zərbələri endirməsi, dinc əhalini hədəf alması Ermənistanın terrorçu dövlət olmasından xəbər verir və bu mənada ABŞ səfirliyinin narahatlığı anlaşılandır.

Siyasi ekspertlərin fikrincə, Azərbaycanın hazırda aktiv müharibə şəraitində olduğu və tarixən terror təşkilatları yaratmaq, dəstəkləməklə ad çıxaran bir ölkəylə mübarizə apardığı nəzərə alınsa, bu kimi terror xəbərdarlıqları gözlənilən idi.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Azvision.az -a açıqlamasında deyib ki, istənilən müharibə aparan ölkənin ərazisində terror ehtimalı birə-beş artır. İndiki halda Ermənistan kimi terrorçu ölkənin xüsusi xidmət orqanlarının Azərbaycanda “zəif nöqtələr” axtarmağa cəhdlər etməsi aidiyyatı qurumlara məlumdur:

“ABŞ-ın narahatlığı başa düşüləndir və onlar erməni xislətini gözəl anlayırlar. Səfirliyin məlumatları əksər hallarda səhih olur. Bu, bir reallıqdır ki, ABŞ-ın xüsusi kəşfiyyat idarəsi ilə İsrailin “Mossad”ı belə məsələlərdə güclü işləyirlər. Bir qayda olaraq dünyada kəşfiyyat işləri güclü olan bu iki ölkənin xəbərdarlığını ciddiyə alırlar. İndi də yəqin ki, ABŞ səfirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsaslanaraq terror ehtimalını gündəmə daşıyıb. Təbii ki, burada tarixi erməni terroru amili nəzərə alınıb. Bu, danılmaz faktdır ki, erməni xalqı tarix boyu terrorla məşğul olub, ya da onlardan terror məqsədilə istifadə edilib. Onlar hər zaman öz iradələrini müxtəlif ölkələrdə terror hadisələri həyata keçirməklə reallaşdırmağa çalışıblar. Xüsusilə türk dünyasına və eləcə də Azərbaycanın özünə qarşı bu metodlardan çox istifadə ediblər.

Birinci Qarabağ müharibəsində erməni terrorçuları və xüsusi xidmət orqanları ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələrini çekist dili ilə desək “verbovat” edərək iki dəfə dəhşətli terror hadisəsi həyata keçiriblər. Burada həmin azsaylı xalqlara bağlı olan “Sadval”ın ermənilər tərəfinə çəkilməsini qeyd edə bilərik. Özü də terror yerinin metronun “28 May” və “Gənclik” stansiyaları arası və “20 yanvar” stansiyası seçilməsi təsadüfi deyildi. Bundan başqa, Bakı-Şəmkir avtobusunu da partlatmışdılar, nəticədə xeyli insan həlak olmuşdu. Belə terror aktları insanlığa qarşı törədilən ən dəhşətli cinayət hadisələrindəndir. Düzdür, həmin faciəvi hadisələrin günahkarlarını aşkarlaya bildik. Amma bütövlükdə terrorçuları bu işə vadar edənləri məhkəmə məsuliyyətinə cəlb edə bilmədik. Necə ki, Xocalıdakı genosid hadisələri böyük terrorun tərkib hissəsi idi və onun təşkilatçıları cəzasız qalıb, bu terroru sifariş verənlər də azadlıqdadır. Nəinki Xocalı, onun yaxınlığındakı Qaradağlı kəndinin əhalisinin qırılması da müharibə cinayətləri və böyük terror hadisələridir. Erməni terrorizmi təkcə bunlarla yadda qalıbmı? Xeyr. Türkiyə dövlətinə, onun səfir və diplomatlarına qarşı ASALA kimi təhlükəli terror təşkilatının reallaşdırdığı hücumlar bütün dünyaya bəllidir”.



60-70-ci illərdə ASALA-nın Türkiyənin diplomatik korpuslarında çalışanları hədəf seçib terror aktları törətməsini xatırladan politoloq, bu hadisələr zamanı ABŞ-dakı türk diplomatlarının da xeyli əziyyət çəkdiyini bildirib. Onlarla türk diplomatının ASALA-nın qurbanı olması tarix kitablarına düşüb. İndi isə hədəf Azərbaycandır. Ordumuz müvəffəqiyyətlə əks-hücum əməliyyatları həyata keçirir. İllərdir işğal altında qalmış və beynəlxalq hüquqla bizə məxsus olan torpaqlarımız azad edilir. Ölkəmizin bu uğurlarını ermənilər qəbul edə bilmirlər:

“Paşinyan hakimiyyəti bu məsələdə çox məyus oldu və hazırda rusları məlum münaqişəyə cəlb edərək onları bizim əleyhimizə döyüş meydanına atmağa çalışır. Amma bu dəfə fitnələri alınmır deyə erməni rəhbərlərin hikkələri başlarında çatlayır. Bu səbəbdən İrəvanın dinc əhaliyə, əcnəbilərə qarşı terror metodlarından istifadə edəcəyi ehtimalı artır. Ermənilər bizim xalqı çox yaxşı tanıyırlar. Xüsusən də buradan köçüb gedən ermənilər bizə yaxşı bələddirlər. Onlar təmiz Azərbaycan dilində danışa bilirlər. Əlbəttə, bu gün bizim aidiyyəti qurumlar var gücü ilə çalışırlar. Buna baxmayaraq, Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdır. İnsanlar şübhə doğuran əşya və şəxslərə diqqətli yanaşmalıdırlar. Bu aralar geyimlərə, əldə daşınan çanta və ya yük əşyalarına daha çox həssaslıq nümayiş etdirməliyik.Erməni xalqından nə desən gözləmək olar. Bunu ABŞ-da, digər super güclər də gözəl anlayırlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: erməniterroru   Qabil-Hüseynli   ABŞsəfirliyi  





Xəbər lenti