Tonoyan terrorçularla bir arada: Düşmən belə ifşa edildi

Tonoyan terrorçularla bir arada:  Düşmən belə ifşa edildi
  26 Oktyabr 2020    Oxunub:12997
Ermənistan döyüşlər başlayandan Azərbaycana qarşı həm də feyk müharibəsi aparır. Belə ki, işğalçı ölkə rəhbərliyi suriyalı muzdluların Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsini iddia edir. Guya suriyalı yaraqlılar Azərbaycan sərhədçilərinin formasında döyüşür. Amma ötən gün Ermənistan müdafiə naziri David Tonoyanın erməni əsgərləri ilə görüşü zamanı çəkilmiş fotolar düşmənin növbəti yalanını darmadağın etdi.
Sosial şəbəkələrdə geniş yayılmış fotolarda David Tonoyanın yanında məhz Azərbaycan sərhədçilərinin hərbi formasında olan erməni əsgər əyləşib, digər bir əsgərin isə şalvarı həmin formadandır. Bu, erməni tərəfinin öz əsgərlərinə belə forma geyindirərək, guya suriyalı hərbçilərin Azərbaycanda döyüşməsinə dair yalan, fake videolar çəkməsini bir daha təsdiqləmiş oldu.

Məlum fotolar yayıldıqdan dərhal sonra erməni "telegram" kanalları həmin görüntüləri sildilər. Ermənistan müdafiə nazirliyinin rəsmisi Şuşan Stepanyan da görüşlə bağlı öz "Facebook" hesabındakı fotoları silməyə məcbur oldu. Bu faktlar bir daha erməni tərəfinin özü-özünü ifşa etdiyini, şəkilləri silməklə özlərini təmizə çıxarmaq cəhdlərini göstərir.



Hərbi ekspert Ruslan İmanquliyev Azvision.az-a açıqlamasında bildirib ki, fotoya diqqət etsək, Ermənistan müdafiə naziri David Tonoyanın yanındakı əsgərlərin ikisinin əynində Dövlət Sərhəd Xidmətinə məxsus hərbi geyim var. Onun sözlərinə görə, düşmən bundan təxribat üçün istifadə edir.

"Harada ki, Ermənistanla sərhəd var, orada sərhədçilərimiz xidmət aparır. Zəngilanın işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidməti orada xidmətə başlayıb. Düşmənin sərhədçilərimizə məxsus formanı müxtəlif yollarla əldə etməsi mümkündür. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən icra olunan ilk təxribat deyil. İndiki məqamda onu qeyd etmək istərdim ki, erməni rəsmiləri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusundan 12 dəfə güclü olduğunu elan edib. Belə olan halda öz güc nisbətini qapatmaq üçün terrorçu qüvvələri cəlb etməyə ehtiyacı olan Ermənistan silahlı qüvvələridir. Bizim Ordumuzun buna ehtiyacı yoxdur. İstər texnoloji vasitələr, istərsə də canlı qüvvə baxımından üstünlüyümüzü ortaya qoymuşuq. Terrorçu qüvvələri cəlb edənlər Ermənistan ordusudur. Bundan əvvəl də Ermənistan ordusunun diversant qruplarının əynində Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi geyimlər olub".



Hərbi ekspert qeyd edib ki, bu foto həmçinin, Ermənistan ordusunda olan acınacaqlı vəziyyəti açıq şəkildə göstərir:

"Ermənistan müdafiə naziri David Tonoyanın sağ tərəfində Azərbaycan Dövlət Sərhəd Xidmətinin geyimində oturan əsgərin ayağında çəkmə belə yoxdur. Həmin əsgərin Tonoyanın yanında oturması vəziyyətin necə olduğunu sübut edir. Bundan başqa onun çəkməsinin yoxluğu ilə yanaşı, kirli ayaqları həmin ərazidə suyun olmamasını göstərir. COVID-19 pandemiyası vaxtı Tonoyanın tibbi maska taxması və yanındakı əsgərlərdə maskanın olmaması da vəziyyəti açıq şəkildə nümayiş etdirir. Ümumiyyətlə, orada nizamsızlıq və hərbi geyimin çatışmadığı ortaya çıxır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Düşmən   Təxribat   Fake   Xəbər  





Xəbər lenti