Uşaqlar döyüşə, separatçılar isə bağçaya gedir - FOTOFAKT

 Uşaqlar döyüşə, separatçılar isə bağçaya gedir -  FOTOFAKT
  26 Oktyabr 2020    Oxunub:7507
Azərbaycan Ordusuna qarşı döyüşlərdə ağır məğlubiyyətlə üzləşən Ermənistan özü-özünü ifşa etməkdə davam edir.
Azvision.az -ın məlumatına görə, sosial şəbəkələrdə Qarabağ separatçılarının lideri Araik Arutyunyanın Xankəndi şəhərindəki 3 saylı uşaq bağçasında iclas keçirməsi ilə bağlı foto yayılıb.

Şəkildən göründüyü kimi separatçılar bağçada gizli toplaşaraq, nəyisə müzakirə edirlər. Çox güman ki, bağçaya sığınan işğalçı ordu nümayəndələri məğlubiyyətdən çıxış yollarını axtarır və bu məqsədlə baş sındırırlar. Əlbəttə, bu başqa müzakirənin mövzusudur. İndi diqqət çəkən məqam separatçıların məhz uşaqlar üçün nəzərdə tutulan yerdə - bağçada iclas keçirməsidir.

Xatırladaq ki, döyüşlər başlayandan Ermənistan tərəfi Azərbaycanı guya mülki əhalini hədəfə almaqla, mülki obyektlərə atəş açmaqda ittiham edirdi. Təbii ki, bu iddiaları təsdiqləyən heç bir fakt ortaya qoya bilmirdilər. Erməni tərəfi diqqəti real mənzərədən yayındırmaq üçün yalnız quru bəyanat və açıqlamalarla belə sərsəm fikirlər ortaya atırdı. Dəfələrlə Azərbaycan rəsmiləri isə bildiriblər ki, ordumuzun hədəfi ancaq hərbi obyektlərdir. Mülki şəxslər və infrastruktur bizim hədəflərimiz sırasında deyil.



İndi gəlin ermənilərin yalanlarına diqqət edək. Tutaq ki, Azərbaycan mülki obyektləri atəşə tutursa, o zaman bağça xüsusi təhlükəli məkan olmalı deyilmi? Yaxud mülki obyektlər atəş altındadırsa, separatçı Arutyunyan niyə Xankəndi şəhərindəki 3 saylı bağçada hərbi məqsədlə toplantı keçirir? Bu fakt özü Ermənistanın yalanını ifşa edir, həmçinin Azərbaycan hərbçilərinin mülki vətəndaşları hədəfə almadığını bir daha təsdiqləyir.

Erməni yalanlarının ifşası bununla yekunlaşmır. Azyaşlı və yeniyetmələrin qızğın döyüşlərə cəlb olunması "qəhrəman ordu" nağıllarının sonunu göstərir.

Bu yaxınlarda xəbər verdiyimiz kimi, Ermənistan ordusunda əsgər və zabit çatışmazlığı problemi pik həddə çatıb. Azərbaycan Silahlı Qüvvələri qarşısında məğlub duruma düşən erməni ordusu xeyli sayda itki verib, yüzlərlə hərbçi isə silah-sursatını ataraq qaçıb. Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi qoca və qadınlarla yanaşı, uşaqları da döyüşlərə cəlb etməyə başlayıb.



İşğalçı ölkədə təkcə oğlan uşaqları deyil, əllərinə silah verilən azyaşlı qızlar da İrəvan hakimiyyətinin müharibə cinayətlərinə alət edilir, onların hüquqları ayaqlar altına atılır. Bununla Ermənistan humanitar və beynəlxalq hüquq normalarını pozaraq insanlığa qarşı müharibə cinayətləri törədir. İşğalçı ölkə rəhbərliyi Azərbaycanın mülki əhalisini və yaşayış yerlərini raket və ağır artilleriya ilə atəşə tutmaqla kifayətlənmir, hətta özünün azyaşlı vətəndaşlarını da müharibəyə cəlb etməklə onları bilərəkdən ölümlə üzə-üzə qoyur.

Göründüyü kimi, vəziyyət kifayət qədər paradoksaldır. Azyaşlı və yeniyetmələr döyüşə gedir, işğalçı ordu rəhbərliyi isə ölməmək üçün bağçada gizlənir...

Tural Tağıyev
Azvision.az


Teqlər: Arutyunyan   DağlıqQarabağ  





Xəbər lenti