FHN dəm qazı ilə bağlı əhaliyə müraciət edib

  27 Oktyabr 2020    Oxunub : 1699
FHN dəm qazı ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən Azvision.az -a bildiriblər ki, müraciətdə havaların soyuması ilə əlaqədar əhalinin təbii qaza tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasının dəm qazı təhlükəsi yaratdığı qeyd olunub. Bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihazın olduğu məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında havalandırma borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

“Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir. Ondan zəhərlənmənin əlamətləri başağrısı, başgicəllənməsi, ürəkbulanması, halsızlıqdır. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in müraciətində bildirilib.

Azvision.az

Teqlər: FHN