“Paşinyan faciələrini durdurmaq əvəzinə təlxəklik edir” - Politoloq

  28 Oktyabr 2020    Oxunub : 1941
 “Paşinyan faciələrini durdurmaq əvəzinə təlxəklik edir” -  Politoloq
"27 sentyabrdan başlayan ikinci Qarabağ müharibəsi dünyaya bir çox vacib məsələləri göstərdi, haqq-ədaləti isə öz yerinə qoymuş oldu. Biz onsuz da 30 il idi ki, mövcud durumu gözəl anlayırdıq, proseslərin hansı istiqamətdə cərəyan edəcəyini dərk edirdik. Amma illərlə davam edən arzuolunmaz durumu dəyişməyi bacardıq"
Bunu Azvision.az -a politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, son bir ay Azərbaycanın özünün dost və düşmənini tanımaq baxımdan ağır dönəm oldu.

Politoloq bildirib ki, son otuz günün reallığı Ermənistanın yaratdığı məğlubedilməz ordu mifini tamamilə dağıtdı. Erməni rəhbərlər əvvəllər öz cəmiyyətlərinə təlqin etmişdilər ki, onların qalib orduları var, gücləri tükənməzdir:

"İndi ordumuz bir aylıq əks-hücum əməliyyatları ilə sübut etdi ki, ermənilər müharibədə yox, döyüşlərdə qalib gəlmişdilər. Bu isə müvəqqəti idi. İkinci bir tərəfdən, qısa müddətdə tükənməz gücə malik yenilməz ordu dedikləri hərbi birləşmələri elə acı məğlubiyyətlərlə üz-üzə qaldı ki, indi onları bərpa etmək üçün könüllü yalvarışlarına çıxırlar. Sentyabrın 27-dən sonra hələ də erməni ordusu haqqında illuziyalara qapanan varsa, deməli, həmin adamlar ya kordurlar, ya da real vəziyyəti dərk etmirlər. Bundan başqa, yola saldığımız bir ay ərzində yanlız döyüş meydanında deyil, bütün sferalarda öz gücümüzü nümayiş etdirə bildik”.

Politoloqun fikrincə, rəsmi Bakı bilirdi ki, qarşı tərəf torpaqları bizə qaytaran deyil. Ermənistan və havadarları danışıqlar prosesini uzatmaqla məşğul idi:

“Azad etdiyimiz torpaqlarda elə mənzərələrin şahidi oluruq ki, bunlar düşmənin 30 ildə xeyli gücləndirilməsi ilə bağlı sübutlardır. Bu qədər toplar, tanklar, hesabı bilinməyən sursatlar, beton istehkam və tunellərin ərsəyə gəlməsi milyardlarla dollar vəsait tələb edir. İndi beynəlxalq təşkilatlara sual ünvanlamaq lazımdır ki, belə bir hərbi infrastruktur yaradan, vurduqca bitməyən tank, topla təmin olunan İrəvan bir rayonu belə bizə qataracaqdımı? Mümkün deyil. Deməli, 30 ilə yaxın müddətdə aparılan danışıqlarda həm Azərbacan ictimaiyyətini, həm də beynəlxalq aləmi aldadırdılar.

Azərbaycan onu da gözəl görür və anlayırdı ki, ermənilər işğal etdiyi torpaqlarda məskunlaşma siyasətini genişləndirir. Nəinki Ermənistan ermənilərini, Liviya, Suriya və digər dövlətlərin vətəndaşlarını da müxtəlif adlarla, vədlərlə gətirib torpaqlarımıza yerləşdirirdilər. Burada yalnız iki-üç qəsəbə və ya bir neçə rayondan söhbət getmir. Hətta indiyə kimi azad etdiyimiz Dağlıq Qarabağa aidiyyəti olmayan ərazilərdə belə erməni məskunlaşmalarının şahidi olduq. Halbuki, tarixboyu orada ermənilər yaşamayıblar”.

İlqar Vəlizadənin dediyinə görə, geridə qalan bir ay həm də onu göstərdi ki, torpaqlarımızdan kənd təsərrüfatı məqsədilə istifadə edilib və bu ərazilərə aktiv şəkildə köç həyata keçirilib:

“Bütün bunlar qanunsuz əməllərdir və beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır. Biz illərlə bunu deyirdik, amma dünya ictimaiyyəti eşitmək istəmirdi. İndi əlimizdə yüzlərlə fakt var. Hadisələri qabaqlamaq istəməzdim, amma ermənilərin hərbi cinayətləri gələcəkdə daha çox üzə çıxacaq. İndi azad edilən ərazilərimizdə 90-cı illərdən qalmış kütləvi məzarlıqlar, mülki əhaliyə qarşı soyqırım nişanələri tapmaq mümkün olacaq. Təkcə Xocalıda mülki əhalini qırmayıblar, digər yaşayış məntəqələrində də ağır cinayətlər törədiblər. Düşünürəm ki, biz azad etdiyimiz ərazilərdə tam möhkəmlənəndən sonra təsadüfi qazıntılar nəticəsində xeyli sayda kütləvi məzarlıqlara rast gələcəyik.

Cənab Prezident çox doğru bənzətmə etdi ki, nəinki müharibə apara bilməyən bir erməni rəhbərlə, həqiqi təlxəklə üz-üzə qalmışıq. Sentyabrın 27-dən indiyədək öz xalqını kütləvi ölümə sürükləyən erməni rəhbərliyini üzə çıxardıq. Paşinyan ağır faciələrini durdurmaq əvəzinə təlxəkliklər edir. Bizim təkliflərə isə qeyri-adekvat cavabların şahidi oluruq. Hələ yaxın gələcəkdə müharibənin üzə çıxardığı xeyli sayda erməni vəhşiliyi, erməni yalanının şahidi olacağıq. Məncə, müharibə tezliklə yekunlaşandan sonra erməni rəhbərlərini beynəlxalq məhkəmələrdə süründürəcəyik. Hər bir hərbi cinayətkar öz əməllərinə cavab verməlidir”.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Politoloq