Bərdəyə raket hücumunda ölənlərin adları açıqlandı- YENİLƏNİB

Bərdəyə raket hücumunda ölənlərin adları açıqlandı- YENİLƏNİB
  27 Oktyabr 2020    Oxunub:4873
Ermənistan silahlı qüvvələrinin saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndini müxtəlif istiqamətlərdən ağır artilleriya atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin sayı dördə çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, hadisə nəticəsində xəsarət alan şəxslərdən İsmayılov Ehtiram Xəlil oğlu da həlak olub.

Bununla da həlak olanların sayı dördə çatıb.

Baş Prokurorluğun hadisə ilə bağlı ilk açıqlamasında düşmənin ağır artilleriya atəşi nəticəsində üç nəfərin - Cəfərova Ofeliya Məcid qızının, Əhmədova Aybəniz Əşrəf qızının və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızının həlak olduğu, 7 nəfərin isə xəsarət aldığı bildirilmişdi.

***
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, 2020-ci il oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Azvision.az


Teqlər: Baş-Prokurorluq   Bərdə  





Xəbər lenti