“Karantin rejiminin sərtləşdirilməsi istisna deyil”

“Karantin rejiminin sərtləşdirilməsi istisna deyil”
  29 Oktyabr 2020    Oxunub:1414
"Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək uzadıldı. Bu arada, bir sıra Avropa ölkələri yenidən sərt karantinin tətbiqinə başlayır. Belə görünür ki, yoluxma sayının artması dünyanın yenidən sərt karantinə qayıtmağa məcbur edir".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ölkəmizin haqq savaşı apardığını və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğunu nəzərə alsaq, sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmir:

"Digər tərəfdən, sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerlərinin sayını azaldır. Bu baxımdan, özəl sektorun mövcud qaydalar ilə fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yoluxma sayı kəskin artarsa, o zaman karantin rejiminin sərtləşdirilməsi istisna edilmir. Deməli, sərt karantin tətbiq edilib-edilməməsi hər birimizdən asılıdır. Yoluxma sayının minimumlaşdırılması üçün hər birimizin pandemiya qaydalarına əməl etməyimiz çox və əvvəllər olduğundan daha çox vacibdir.

Dünən ölkəmizdə koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu, o deməkdir ki, yalnız bir gündə xəstəxanalarımızdakı 648 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Əvəllər də qeyd etdiyimiz kimi, bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca, yaralılarımıza baxacaq həkim və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək. Deməli, qaydalara əməl etməyimiz yalnız sərt karantin rejimin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımdan vacibdir. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!"

Azvision.az


Teqlər: Deputat   Vüqar-Bayramov  





Xəbər lenti