DMX-dan əcnəbi və vətəndaşlığı olmayanlara müraciət

 DMX-dan əcnəbi və vətəndaşlığı olmayanlara müraciət
  29 Oktyabr 2020    Oxunub:1897
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxsləə müraciət edib.
DMX-dan Azvision.az -a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2020-ci il tarixli, 426 və 427 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb. Həmçinin operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılıb.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:

1. Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair

• Lənkəran rayonunun giriş-çıxış məhdudlaşdırılmayan ərazilərində və Yardımlı, Lerik, Astara rayonlarında yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri – Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsində;
• Masallı rayonunda yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri – Masallı “ASAN xidmət” mərkəzində;
• Giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)

2.Təqdim olunan sənədlərə dair

• Lənkəran şəhəri istisna olmaqla, qeyd olunan qərarla giriş-çıxış məhdudlaşdırılmış rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).

3. Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərə dair

• Ərazisinə giriş-çıxış məhdudlaşdırılmış şəhər, rayon və kəndlərdə (Regional miqrasiya idarələrinin yerləşdiyi Şəki və Xaçmaz şəhərləri istisna olmaqla) yaşayan və daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması təxirə salınır.

• Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar kursların keçirilməsi təxirə salınır. Lakin kurs ilə əlaqədar material əldə etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Bir daha xatırladırıq ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (7 və 8, 14 və 15, 21 və 22, 28 və 29 noyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər".

Azvision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti