“Hərbi tribunalın yaradılmasına ehtiyac var” - Hikmət Hacıyev

“Hərbi tribunalın yaradılmasına ehtiyac var” -  Hikmət Hacıyev
  30 Oktyabr 2020    Oxunub:3013
Azərbaycan dövləti xalqımıza qarşı törədilən müharibə cinayətlərinə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, bu, intiqam deyil, ədalətin bərpasıdır.

H.Hacıyev vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib: "Bu gün hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edir. Bu günə qədər Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə çalışıb. Ermənistan bu gün hərbi təcavüz həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır".

Prezidentin köməkçisi qeyd edib ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi də müharibə cinayətləridir.

"İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də müharibə cinayətləridir. İşğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi əlaqələr də qurulub. Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nəticəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib", - deyə H.Hacıyev bildirib.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Qarabağ  





Xəbər lenti