Beynəlxalq təşkilatlar erməni faşizmini ifşa etdi

 Beynəlxalq təşkilatlar erməni faşizmini ifşa etdi
  30 Oktyabr 2020    Oxunub:2263
“Amnesty International” və “Human Rights Watch” təşkilatları Ermənistanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirməsini təsdiqləyib.
Hər iki təşkilatın yaydığı açıqlamalarda klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər yaralanıb. Eyni zamanda, təşkilatların mütəxəssisləri şəhərə erməni qüvvələri tərəfindən atılan raketin markası, texniki göstəriciləri barədə detallı məlumatlar veriblər.

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə Azvision.az -a açıqlamasında deyib ki, hər iki təşkilatın Ermənistanın Bərdəni qadağan olunmuş raketlərlə vurmasını təsdiqləməsi və pisləməsi bu ölkənin törətdiyi hərbi cinayətlərin ifşasıdır.

“Ümumiyyətlə, Ermənistan ordusunun mütəmadi olaraq dinc əhaliyə, mülki şəxslərə qarşı belə təhlükəli və qadağan olunmuş silahlardan istifadə etməsi rəsmi İrəvanın hədəfində məhz uşaqların, qadınların olduğunu göstərdi. Sadəcə olaraq, hazırda dünyada hüququn aliliyi hökm etmir deyə biz ya reaksiyalar görmürük, ya da çox gec münasibət sərgilənir. Beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquq normalarına laqeyd münasibət özü-özlüyündə çox təhlükəli vəziyyət yaradıb. Təşkilatlar artıq hüququn aliliyinə deyil, gücün aliliyinə dəstək verirlər. Çox təəssüf ki, beynəlxalq təşkilatlar üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Hazırda bu öhdəlikləri Azərbaycan Silahlı Qüvvələri həyata keçirir”.



BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hazırda Azərbaycan Ordusu tərəfindən reallaşdırıldığını deyən deputat ölkəmizin Ermənistanı sülhə məcbur etmək üçün Minsk Qrupunun da qəbul etdiyi prinsipləri bərpa etdiyini söyləyib:

“Belə bir şəraitdə aciz duruma düşən erməni hərbçilərinin var gücü ilə hərbi cinayətlər törətmələri cavabsız qalmamalıdır. Haaqa hərbi tribunalında Xocalıda ağır cinayətlər törətmiş erməni rəhbərlərin cavab verməmələri bugünkü acı reallığı ortaya qoymuş oldu. Bərdə və Gəncədə uşaqları, qadınları, dinc insanları qətlə yetirmiş hərbi cinayətkarları ədalət hökmünün ixtiyarına məhz Azərbaycan ordusu verməlidir. Çünki son iki etiraz bəyanatıx aric, dünya bu proseslərə laqeyd yanaşır və beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların təməl prinsipləri ancaq kağız üzərində qalır, həyata keçirilmir. Ermənistan ilk gündən silahlardan istifadə ilə bağlı beynəlxalq konvensiyalara qoşulmurdu. Ona görə də bu işğalçı ölkə tərəfindən kasetli bombalardan istifadə edilməsi onlarda rahatlıq yaradır və mülki əhalinin hədəf alınması sadəcə olaraq hərbi cinayətlər kimi qiymətləndirilir… Çox təəssüf ki, Haaqa məhkəməsi və digər beynəlxalq hüquq, ədalət mərkəzləri Xocalıda da törədilən oxşar hərbi cinayətlərdə yararsız göründü”.

Asim Mollazadə onu da vurğulayıb ki, Paşinyan hakimiyyətinin Gəncə, Tərtər, Bərdə və ümumilikdə bir sıra yaşayış yerlərində dinc sakinlərə qarşı hərbi cinayətlərini davam etdirməsinə beynəlxalq təşkilatlardan ciddi reaksiya gəlməməsi pis bir presedent yarada bilər. Bu onu göstərir ki, təşkilatların bəyan etdiyi dəyərlər hüquqi nihilizm ifadə edir:

“Günümüzdə beynəlxalq hüquqa hörmət qalmayıb. Onun üçün də bu gün Azərbaycan qanuni ərazilərini öz gücü hesabına azad edir. Qətnamələrin icrasının həyata keçirilməsi işi ilə ordumuz məşğul olur. Hərbi cinayətkarları da ədalət məhkəməsinə ordunun özü çıxarmalıdır. Hansısa bir tribunaldan, BMT və ya ATƏT kimi təşkilatdan heç nə gözləmirik. Çünki onlar öz acizliyini və prinsiplərinə sadiq olmadıqlarını göstəriblər.

İndi “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi bu ölkəyə ciddi beynəlxalq qınaq yaradacaq. Amma ümumilikdə hələ də qarşı tərəfin bu cür ağır cinayətlərin ardını gətirməsi, özlərini bu mövzuda sərbəst aparmaları ona görə baş verir ki, Xocalı soyqırımını törədəndə, qonşu ölkəni ərazisini zəbt edəndə heç kim onlara təzyiq etmədi, qınaq da görmədilər. Bu, beynəlxalq hüquqda yaranmış çox ciddi bir boşluq idi və hazırda da azğınlaşan erməni ordusu öz ənənəvi cinayətlərini davam etdirməyə çalışır. Çünki cinayətkar vaxtında ədalətin hökmünü görməyəndə daha da azğınlaşır. Beynəlxalq təşkilatlar zamanında proseslərə operativ və ədalətli qiymət versəydilər, bu gün “Amnesty International” və “Human Rights Watch”ın qınadığı hadisələr yaşanmazdı”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Asim-Mollazadə   hərbicinayət  





Xəbər lenti