“Yoluxma sayında artım növbəti günlərdə də davam edəcək” - TƏBİB rəsmisi

 “Yoluxma sayında artım növbəti günlərdə də davam edəcək” -  TƏBİB rəsmisi
  31 Oktyabr 2020    Oxunub:2095
Azərbaycanda artıq gündəlik yoluxma sayı 1000 nəfəri keçib. Şübhəsiz ki, yoluxanların sayında artım növbəti günlərdə də davam edəcək.

Bunu Azvision.az -a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, bütün dünyada koronavirusa yoluxanların sayı artır: “Bir çox ölkələrdə sərt karantin rejimi yenidən tətbiq edilir. Gündəlik yoluxma sayının artdığı dönəmdə bəzi məhdudiyyətlərin olması, böyük şəhərlərə giriş-çıxışın qadağan edilməsi, eyni zamanda metronun bağlanması minimal olsa da yoluxmanın sürətini azaldacaq. Bu, yetərli deyil. Ölkə müharibə şəraitindədir. Yoluxma sayının artması nəticəsində yaralı əsgələrimiz, ordudakı əsgər və zabitlərimiz, eyni zamanda həkimlərimiz də COVİD-ə yoluxa bilər”.

V.Əliyev bildirib ki, yoluxmanın azalması üçün insanların qayda-qanunlara ciddi əməl etməsi vacibdir: “Nəzarət tədbirləri gücləndirilməldir. Xüsusilə qapalı məkanlarda insanlar qaydalara riayət etməlidir, qaydaları onların məsuliyyətinə buraxmaq olmaz. Ciddi nəzarət olmalıdır. İctimai nəqliyyat vasitələrində qanunlara riayət olunmursa, mütləq cəza tədbirləri tətbiq olunmalıdır. Əks halda yoluxma sayı günü-gündən daha da artacaq. Yoluxanların sayı artmağa davam edərsə, yay dönəmindəki çətin hallar yaşanacaq”.

TƏBİB rəsmisi qeyd edib ki, artıq insanlar xəstəxanalarda boş yerlər tapmaqda çətinlik çəkir: “Hətta Bakıda koronavirusa yoluxan xəstələrin bəziləri bölgələrdəki xəstəxanalara göndərilir. Bu dəqiqə xəstəxanalarda yer tapmaqda çətinlik yaşanır. Gündəlik 1000 yoluxma sayı davam edərsə, yerlə yanaşı, tibbi personal çatışmazlığı da yaşanacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti