Kanadadakı səfirliyimizdən erməni vandalizmi ilə bağlı bəyanat

Kanadadakı səfirliyimizdən erməni vandalizmi ilə bağlı bəyanat
  31 Oktyabr 2020    Oxunub:2550
Azərbaycanın Kanadadakı Səfirliyi Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərə və mülki infrastruktura raket zərbələri endirilməsi barədə bəyanat yayıb.
Azvision.az -ın məlumatına görə, səfirlik Ermənistanın münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycan şəhərlərinə, günahsız mülki vətəndaşların sıx məskunlaşdığı yaşayış sahələrinə qarşı həyata keçirdiyi təcavüz aktlarından narahatlığını bildirib.

Qeyd olunub ki, Ermənistan beynəlxalq humanitar hüququ, 1954-cü ildə qəbul olunmuş Haaqa Konvensiyasını və 1999-cu ildə təsdiqlənmiş ikinci protokolu, 1949-cu il dördüncü Cenevrə Konvensiyasını, habelə BMT-nin Azərbaycan Respublikasının işğal altındakı Dağlıq Qarabağ və 7 ətraf rayonla bağlı qətnamələrinin (822,853,874 ve 884) şərtlərini pozur.

"Artıq 30 ilə yaxındır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistan tərəfindən işğal altındadır. 1988-1993-cü illər ərzində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 18 mindən çox şəxs öldürülüb və 50 mindən çox insan yaralanıb.
Azərbaycan ordusu həm canlı qüvvə sayı, həm də texnika və hərbi silahların sayına görə üstünlüyə sahib olsa da, ölkəmiz dəfələrlə münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu söyləyib. Lakin, buna cavab olaraq, Ermənistanın naş naziri Nikol Paşinyan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum edərək orada yaşayan mülki insanları atəşə tutub.

27 oktyabr tarixində Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun yaşayış sahələrinə 300 mm-lik “Smerch” kasetli bomba atması nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox insan yaralanıb.

Tərtər şəhəri və onun kəndləri, eləcə də, Ağcabədi, Goranboy rayonları ağır toplardan atəşə tutulmağa davam edir. Ermənistanın Azərbaycan yaşayış məntəqələrinə endirdiyi raket zərbələri çoxsaylı insan tələfatına səbəb olub və mülki infrastruktura, təhsil infrastrukturuna, eləcə də, qəbiristanlıqlar daxil olmaqla dini və mədəni abidələrimizin dağılması ilə nəticələnib.

28 oktyabr tarixinə qədər Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 90 mülki şəxs ölüb və 380-dən çox mülki şəxs xəstəxanaya yerləşdirilib. Ermənistanın mülki şəxslərə qarşı hücumları müharibə cinayəti və insanlığa qarşı törədilmiş cinayətdir.

Səfirlik əmindir ki, beynəlxalq ictimaiyyət bu terror hücumlarını tanıyacaq və səylərini Ermənistan respublikasını yuxarıda göstərilən qanunları açıq şəkildə pozan hərəkətlərdən çəkinməyə məcbur etmək üçün səylərini əsirgəməyəcək",- deyə bəyanatda qeyd olunub.

Azvision.az


Teqlər: Kanada   Səfirlik  





Xəbər lenti