Prezidentin köməkçisi ermənilərin yaydığı videonu ifşa etdi

Prezidentin köməkçisi ermənilərin yaydığı videonu ifşa etdi
  31 Oktyabr 2020    Oxunub:9287
Oktyabrın 30-da Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair videokadr yayılıb. Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasında bildirilir.

Hikmət Hacıyev deyib: “Prezident İlham Əliyevin müxtəlif xarici KİV-lərə açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin ərazilərini uzun illər ərzində işğalda saxlamağa çalışan Ermənistanın bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlmişdir. Təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib.
Hikmət Hacıyev: "Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub"

Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilib ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir.

Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir.

Bu şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdədir. Ermənistanın müdafiə naziri Tonoyanın bu günlərdə döyüş əməliyyatları zonasında erməni hərbi qulluqçularla çəkdirdiyi şəkildə içərisində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdə olan iki nəfər diqqətdən qaçmayıb. Sonradan Ermənistan Müdafiə Nazirliyi qeyd olunan fotonu silib.

Azərbaycanın dövlət orqanlarında Ermənistan hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və muzdluların, o cümlədən Suriyadan gətirilmiş terror təşkilatları fəallarının olması barədə təkzibedilməz sübutlar və əməliyyat məlumatları mövcuddur.

Ermənistanın Müdafiə Nazirliyi və digər rəsmi orqanlarının bu kimi saxta səhnəciklər hazırlamaqla məşğul olmaqdansa məğlubiyyətləri barədə erməni ictimaiyyətinə dolğun məlumat vermələri daha faydalı olardı”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Ermənistan  





Xəbər lenti