Paşinyan məğlub olduğunu etiraf edir - Putinə yalvarış məktubu

  31 Oktyabr 2020    Oxunub : 3529
 Paşinyan məğlub olduğunu etiraf edir -  Putinə yalvarış məktubu
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb.
Paşinyan yalvarış məktubunda Rusiya liderindən Ermənistana yardım göstərilməsi istiqamətində məsləhətləşmələrə başlanılmasını xahiş edib. Erməni baş nazir bu mənada 29 avqust 1997-ci il tarixli “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə istinad edib.

Paşinyan, həmçinin Qarabağdakı vəziyyətdən bəhs edib, həmişəki kimi Azərbaycan və Türkiyə əleyhinə ittihamlar səsləndirib. Maraqlıdır, gündə bir neçə dəfə Putinə zəng edərək imdad diləyən Paşinyan niyə indi ürək sözlərini məktubla göndərir? Yoxsa Putin Nikolun zənglərinə cavab vermir?

Məsələni Azvision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyanın məktubu daha çox daxili auditoriyaya hesablanıb.

“Birincisi, bu, Paşinyanın Putinə məktubundan çox öz cəmiyyətini məğlubiyyətə hazırlamaqdır. Çünki özü də bilir ki, Putin Dağlıq Qarabağı dəftərindən silib. Ona görə də Paşinyan cəmiyyətinə göstərmək və mesaj vermək istəyir ki, “baxın bu ağır vəziyyətdə Rusiya da Dağlıq Qarabağı qurtara bilmir, mən artıq nə edə bilərəm...”

İkincisi, Ermənistan Dağlıq Qarabağda xeyli canlı qüvvə və hərbi texnika itirib. Həmin hərbi texnikanın əksəriyyəti rəsmi İrəvana aid idi. Ermənistandan Dağlıq Qarabağa nə daşıdılarsa, hamısını Azərbaycan Ordusu və pilotsuz uçuş aparatları məhv etdi. Belə vəziyyətdə işğalçı ölkənin hərbi durumu ağırlaşıb, müdafiəsi xeyli zəifləyib. Ona görə Paşinyanda və erməni cəmiyyətində qorxu var ki, Azərbaycan Ordusu Dağlıq Qarabağa nəzarəti ələ keçirdikdən sonra Ermənistanın içərilərinə doğru hərəkət edə bilər. Paşinyan qorxur ki, Putin Dağlıq Qarabağın itirilməsinə səssiz qaldığı kimi Ermənistana hücumlara da bir müddət səssiz qala bilər. İndidən təminat almaq istəyir ki, Dağlıq Qarabağdan vaz keçdikdən sonra Rusiya heç olmasa Ermənistanı qorusun”.



Politoloq onu da vurğulayıb ki, Paşinyan Rusiyanın Ermənistanda hərbçi və texnika sayını artırmasını istəyir:

“Putin bunu edə bilər. Ancaq rəsmi Moskva anlayır ki, Ermənistan vasitəsilə Dağlıq Qarabağa daşınan Rusiyanın bahalı hərbi texnikası kiçik ölçülü pilotsuz uçuş aparatları qarşısında acizdir. Azərbaycana məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın bahalı hərbi texnikasını darmadağın etməsi bu ölkənin hərbi sənaye kompleksinin imicinə ciddi zərbədir. Ona görə də Putin artıq Ermənistanın Dağlıq Qarabağı qoruya bilməyəcəyini anladığından Ermənistana hərbi texnikanın göndərilməsinə bir müddət ara verə bilər. Müharibə başlayandan bəri bu mövzuda olan əsas tezisimi bir daha təkrarlayıram: Bizə heç kim və heç nə mane olmur!”

Tural Tağıyev
Azvision.az

Teqlər: Paşinyan   Putin   Qarabağ