Oxşar ssenari: Paşinyan hər addımında Hitleri təkrarlayır - TƏHLİL

  Oxşar ssenari:  Paşinyan hər addımında Hitleri təkrarlayır -  TƏHLİL
  31 Oktyabr 2020    Oxunub:3279
Azərbaycan Ordusu tərəfindən döyüş meydanında darmadağın edilən Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə təxribat və hərbi cinayətlər törətməklə məğlubiyyətin heyifini çıxmağa çalışır.
Hərbi cinayətlərin həyata keçirilməsində məqsəd müharibənin dayandırılması, qisasçılıq, Azərbaycan əhalisi arasında təşviş yaratmaq və maksimum dərəcədə yaşayış məntəqələrində dağıntılar törətməkdir.

Rəsmi İrəvan yalnız döyüş meydanında deyil, siyasi arenada, informasiya savaşında da iyrənc metodlardan istifadə edir. Ermənistanın Azərbaycanın şəhərlərinin, dinc sakinlərini atəşə tutmasını, təqdim olunan faktları israrla təkzib etməsi, bu yöndə müxtəlif “fake” xəbərlər (guya partlayışı hansısa suriyalıların törətməsi, yaxud Azərbaycanın özünün həyata keçirməsi barədə sərsəm bəyanatları-red.) yayması təəccüb doğurmur. Bu kimi yalanların tirajlanması artıq adi hal alıb.

Erməni tərəfi hərbi cinayətlər və vəhşiliklərin ört-basdır edilməsi üçün yalnız yerli mediada deyil, baş nazir Nikol Paşinyanın dili ilə beynəlxalq aləmdə də total yalan və feyklərdən yararlanır. İşğalçı ölkə son bir ayda “Ərəb muzduluları”, “Pakistan əsgərləri”, Türkiyə xüsusi təyinatlıları”, F-16 qırıcıları, “Xankəndində doğum evinin”, “Şuşada kilsənin” vurulması və digər feykləri yaymaqla üç məqsəd güdür:

1 Erməni ictimaiyyətinin gözündə Ermənistan ordusunun məğlubiyyətlərinə haqq qazandırmaq,

2 Dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi hərbi cinayətlərdən yayındırmaq,

3 Beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq.


Təsadüfi deyil ki, Bərdəyə edilən son hücum zamanı xeyli sayda insanın qadağan olunmuş silahlar vasitəsilə qətlə yetirildiyi məlum oldu. Hadisə baş verəndən dərhal sonra Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan sosial şəbəkələrdə məlumat paylaşaraq həyasızcasına faciənin məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışdı. Onun sərsəm düşüncəsinə görə, guya partlayışları Azərbaycan özü təşkil edib. Belə məsuliyyətsiz açıqlamanın Ermənistan MN rəsmisinin dilindən səslənməsi erməni cəmiyyətinin hələ də xülyalardan ayılmadığını göstərir.

Bərdə terroruna gəlincə, Ermənistan tərəfi israrla kassetli bombalardan istifadə edilmədiyini bildirsə də, zaman-zaman İrəvanın mövqeyini müdafiə edən “Amnesty International” və “Human Rights Watch” təşkilatları da erməni qoşunlarının Azərbaycanın yaşayış məntəqələrinə qadağan olunmuş bombalar atdığını təsdiqlədi. Hər iki təşkilatın yaydığı açıqlamalarda klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirdi, 70 nəfər isə yaralandı. Eyni zamanda, sözügedən təşkilatların mütəxəssisləri şəhərə erməni qüvvələri tərəfindən atılan raketin markası, texniki göstəriciləri barədə də detallı məlumatlar veriblər.

Göründüyü kimi, artıq ermənilərin şər maşını əvvəlki kimi dünyanı aldada bilmir. İşğalçıların "möcüzəvi" yalan və dezinformasiyalarını yalnız Azərbaycan deyil, beynəlxalq təşkilat da ifşa edir...

Yeri gəlmişkən, hər iki təşkilat Bərdədə dinc sakinlərin kaset bombalardan atəşə tutulması faktını təsdiqləsə də, Ermənistan tərəfinin eyni müraciətinə sübutlar olmadığı üçün müsbət cavab gəlməyib.

Digər bir məsələyə diqqət yetirək. Nəinki Bərdəyə hücum, ümumilikdə sentyabrın 27-dən indiyədək İrəvan digər hərbi cinayətlərə görə məsuliyyəti boynundan atmağa çalışıb. Lakin Ermənistan müdafiə nazirliyinin sözçüsü Artsun Ovannisyanın “Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var” bəyanatını terror hücumlarının etirafı kimi qəbul etmək olar. Bununla erməni tərəfi 100-dək dinc sakinin ölümünə səbəb olan vəhşiliklərə görə məsuliyyəti, faktiki olaraq, öz üzərinə götürür.

Əslində Ovannisyanın digər bir fikri - “əgər kimsə düşünürsə ki, bizim atəş açmaq hüququmuz yoxdur, qoy elə də düşünsün” açıqlaması Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı söylədiyi “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” etirafının davamıdır. Yəni mahiyyət eynidir, illər keçməsinə baxmayaraq, hələ də Ermənistan rəhbərləri soyqırımı törətməkdən vaz keçmirlər... Hər iki halda erməni tərəfi “biz dinc əhaliyə əl qaldıra bilərik” mesajını verir.

Məsələ yalnız bu oxşar yanaşma ilə bitmir. Robert Koçaryan kimi cani bugünkü reallığı zamanında ortaya qoymuşdu. Xatırlayırsınızsa, o, AŞPA-da azərbaycanlılarla birgə yaşayışın qeyri-mümkünlüyü barədə bəyanat verərək, Azərbaycan xalqına qarşı düşmən mövqeyini, hələ də aparılmaqda olan etnik təmizləmə siyasətini bütün çılpaqlığı ilə göstərmişdi.

Konkret olaraq günümüzə qayıtdıqda isə, Ovanisyanın bu anormal bəyanatları açıq şəkildə Azərbaycan tərəfini dinc əhali və mülki obyektlərlə şantaj etmək cəhdidir. Ermənistan ordusunun rəsmisinin bəyanatı həm də beynəlxalq qanunvericiliyin və Cenevrə Konvensiyalarının kobudcasına pozulmasıdır.

Cəbhədə məğlubiyyətlər dərinləşdikcə, erməni tərəfinin mülki hədəflərinin sayı artır və onlar artıq bunu açıq-aşkar söyləməkdən çəkinmirlər. Hətta yalnız dinc sakinlərin olduğu yaşayış məntəqələri deyil, bütün region üçün strateji əhəmiyyətli enerji layihələrini, boru-kəmər xətlərini, Səngəçal terminalını belə vuracaqları ilə bağlı hədələr ən yüksək səviyyədə səslənir.

Bu bir reallıqdır ki, Ermənistan rəsmisinin hərbi cinayətlər törətmək barədə bəyanatı düşmənin məğlubiyyət astanasında olduğundan xəbər verir. Bununla bağlı tarixi xatırlatma da etmək olar. Faşist Almaniyası 1945-ci ildə müharibənin sonuna yaxın acı məğlubiyyəti hiss etdiyi üçün var gücü ilə düşmən ölkələrə ziyan vurmağa çalışırdı. Hitler öz komandasına daha geniş hərbi cinayətlər törətməyi tapşırmışdı ki, bunlardan biri də Böyük Britaniyanın dinc şəhərlərinin bombalaması (Fau-2-dən istifadə-red.) idi. Tanış mənzərədir deyilmi?! Bu gün döyüş meydanından geri çəkilən erməni ordusu eyni metoddan istifadə edir...

Hər iki faşist rejim arasında oxşarlıq yalnız budurmur? Əlbəttə, yox. Ermənistanla faşist Almaniyasının xeyli bənzərliyini qeyd edə bilərik. Məsələn, Hitler Almaniyasının Çexiyanın Sudet bölgəsindəki almanların “təhlükədə” olması haqda əsassız ittiham səsləndirərək bu ölkəni işğal etməsini göstərmək olar. Ermənistan da vaxtilə Dağlıq Qarabağdakı ermənilərin “təhlükədə olması” barədə təsəvvür yaratmaqla Azərbaycan ərazilərini işğal etmişdi.

İndi Azərbaycan Ordusu öz torpaqlarını azad etdikcə Ermənistanda faşist rejiminin sonu yaxınlaşır. Paşinyan hər ötən gün məğlubiyyətini daha ağır formada hiss edir və siyasi intiharın qarşısını dinc əhalini qətlə yetirməklə almaq istəyir. Lakin bu çıxış yolu deyil. Mütləq bir gün, bəlkə də ən yaxın vaxtlarda Nikol hər addımında təkrarladığı Hitlerin aqibətini yaşamalı olacaq.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bərdə   Faşistrejim   Ermənistan  





Xəbər lenti