AzVision I Diplomatiyanın gücsüzlüyündən gücün diplomatiyasına - VİDEO

      AzVision I    Diplomatiyanın gücsüzlüyündən gücün diplomatiyasına -    VİDEO
  01 Noyabr 2020    Oxunub:14814
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, ilin xalqı. Tarixi dəyişən və yeni reallıq yaradan xalq. Vətən müharibəmizin maraqlı dövrü başlayır və bu mərhələdə üzərində düşünülməsi vacib olan bir sıra suallar var.
- Danışıqlar zamanı çəkilən şəkillərdə Ceyhun Bayramovun bədən dili nə söyləyir?
- Niyə Qarabağdakı cinayətkar qurumun rəhbəri Paşinyan hökumətini pis vəziyyətdə qoyur?
- Müharibənin sonu artıq başlamaq üzrədir, amma sonun sonu necə olacaq? Mümkün variantlar.




Həftə danışıqların mənasız olduğunu sübut edən Cenevrə görüşü ilə sona çatdı. Əgər Cenevrədə açıqlanan bəyanatın mətnini bir cümlə ilə ifadə etməli olsaq, belə deyə bilərik: “Vuruşursunuz-vuruşun, amma sivil şəkildə, müharibənin qayda-qanunlarını nəzərə almaqla”. Bu da daha çox erməni tərəfə aiddir, çünki müharibənin sivil şəkildə aparılması qaydalarını məhz onlar pozurlar.
Bundan başqa Cenevrədə diqqət çəkən yegan şey xarici işlər naziri Ceyhun Bayramovun sosial şəbəkədə də müzakirələrə səbəb olan duruşdur. Lavrovla görüşdən sonra çəkilən şəkildə biz xarici işlər nazirimizi oxşar pozada görmüşdük və bu, sosial şəbəkədə qalib ölkənin diplomatının duruşu kimi şərh olunurdu. Amma insan orqanizminin sövq-təbii ilə, şüurdan asılı olmadan ətrafa və qarşı tərəfə verdiyi siqnallar da var. Adını “bədən dili”, yaxud nə istəyirsiniz qoyun - mən belə kütləviləşmiş brend ifadələri o qədər də sevmirəm,- bütün canlılara xas olan universal proqramlar mövcuddur. Söhbət təkcə insandan da getmir; pişikdən tutmuş qartala, balıqdan tutmuş pələngə qədər bütün canlılar “ya qaç, ya savaş” dilemması ilə üzləşəndə əgər savaşmağı seçirlərsə, beyindəki anadangəlmə proqramlar dərhal bədənin həcmini böyütməyə, canlını olduğundan daha böyük göstərməyə çalışır. Hamımız bunu yüz dəfələrlə müşahidə etmişik.
Biz insanlar da eləyik, çünki mübarizəyə hazırlaşanda bədənin həcmini böyütməyə çalışan həmin neyro proqram beyinin təkamül cəhətdən ən qədim zonalarında yerləşdiriyindən, bizdə də var. Necə ki, məsələn, bir pişik mübarizəyə hazıraşanda tüklərini pırpızlaşdırmaq, belini donqarlaşdırmaq və digər metodlarla həcmini olduğundan daha böyük göstərməyə çalışır, eyni qaydada, istənilən insan da belini dikəlıdir, sinəsini qabağa verir, qollarını yana açır... Bunları biz şüurlu şəkildə eləmirik, beynimizdəki neyroproqram avtomatik, qeyri-iradi işləyir. Bəzi alimlərə görə, çiyinlərə paqon taxmaq, əyninə mantiya geyinmək kimi adətlər də həmin o öz həcmini böyütmək bioloji siqnalının sosial siqnala çevrilməsi nəticəsində yaranıb. Amma bu qədər dərinliyə getməyək, bizim veriliş hər halda, siyasi təhlil proqramıdır. Sadəcə, bunu bilmək lazımdır: Əgər insan bədən həcmini böyük göstərməyə xidmət edən bir pozada durubsa, bu, o deməkdir ki, qeyri-iradi, təhtəlşüurən ətrafa mübarizəyə hazır olmaq və meydan oxumaq siqnalı verir. Sözsüz ki, o, diplomat kimi öz ölkəsinin mövqeyini ifadə edir. Azərbaycanın da bütün danışıqlarda mövqeyi zətən budur.

İlham Əliyev:
- Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin.

Bundan sonra danışıqların həqiqətən də heç bir mənası qalmayıb və bütün maraqlı tərəflər artıq diqqətlərini aktiv döyüşlər fazasından sonrakı mərhələyə yönəltməyə başlayırlar. Niyə belə deyirik? Çünki bir tərəfdən, danışılası mövzu yoxdur. Formal olaraq danışıqların təşkil edilməsi də, orada yüksək səviyyədə iştirakımız da mümkündür. Amma nədən danışacağıq?! Nə status-kvo var, nə də təmas xətti. Dayanırıqsa, harada dayanacağıq?! İndiki vəziyyətdə hər tərəfin olduğu yerdə qalmasına biz heç – bizi hələ bir qırağa qoyaq,- erməni tərəfi razı olmayacaq. Ən azı o sadə səbəbə görə ki, bundan sonra “Artsax Respublikası” deyilən o qondarma terrorçu təşkilatın mövcudluğu üçün lazım olan həyati məkan qalmayıb. Ətrafda heç bir təhlükəsizlik zolağı, bufer zona olmadan hansısa müstəqil Artsaxın-filanın mövcudluğu gündəmdən çıxır. Əgər danışıqlar nəticəsində indi olduğumuz mövqelərdə dayansaq, “respublika” adlandırılan o terror təşkilatının üzvləri daim azərbaycan əsgərinin gözünü qarşısında, daha dəqiqi, nişangahında yaşamalıdırlar. İstənilən nöqtəsi artilleriyamız üçün əlçatan məsafədədir. Belə şəraitdə Artsaxın bundan sonra mövcud olması mümkün deyil.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”
Müqayisə qüsurlu da olsa, belə bir kobud anologiya gətirək: Təsəvvür edin, cərrah masasında açıq ürək əməliyyatı keçirilir. Əməliyyatın tam ortasında xəstənin qohumları, vəkili, həkimlər, xəstəxananın baş həkimi, tibbi bacıları arasında hansısa səbəbdən münaqişə yaranır. Kimi xəstənin ölməsində, kimi qalmasında maraqlıdır, amma hamı bilir ki, bu vəziyyətdə dayanmaq olmaz. Narkozu verəndən sonra dayanmaq olardı, skalpeli batırandan sonra da dayanmaq olardı, amma indi olmaz. Əvvəlcə əməliyyatı bitirib, xəstənin sinəsini tikməliyik, ondan sonra görək, nə olur, necə olur. Hazırda Qarabağda vəziyyət təxminən belədir: yarımçıq dayanmaq artıq heç bir tərəfə sərf etmir.
Elə isə, nə etmək olar?! Variantlar çox deyil. Birincisi və ən sivil, qanuni və doğru yol Azərbaycanın tərkibinə qatılmaqla barışmaqdır ki, ermənilər, hazırkı patetikalarından da göründüyü kimi, çox güman, buna heç vaxt razılıq verməyəcəklər. İkinci yol axıra qədər savaşmaqdır desək, sual çıxır: o “axır” deyilən yer haradır? Verilişin bütün sonrakı qismində bu vacib sualın cavabını axtaracağıq.
Bu həftənin ən maraqlı hadisələrindən biri Qarabağdakı cinayətkar qurumun hərbi cani rəhbəri Araik Arutyunyanın Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyinə qədər gəldiyini bəyan etməsi idi:
-1992-ci ildə bizim qələbə yürüşümüz Şuşanı tutmaqla başlamışdı, indi onun müdafiəsilə şərtlənməlidir. Düşmən Şuşadan bir neçə, maksimum 5 kilometr aralıda yerləşir. Onun məqsədi Şuşanı tutmaqdır. Boşuna demirlər ki, Şuşa kimə məxsusdursa, Qarabağ da ona məxsusdur. İstəyirəm, biz hamımız bunu dərk edək, özü də sözdə yox, əməldə dərk edərək, bilavasitə Şuşanın müdafiəsində iştirak edək.

Söhbət ondan getmir ki, Araik Arutunyan düz deyirdi, yoxsa yalan; hətta doğru desə belə, onun heç bir sözünə inanmaq lazım deyil və ancaq öz Müdafiə Nazirliyimizin yaydığı xəbərlərə ciddi yanaşmalıyıq. Bununla belə, Arutunyanın müraciəti o mənada böyük maraq doğurur ki, rəsmi İrəvanın yaydığı xəbərlərlə düz gəlmirdi. Nəinki İrəvan, hətta Qarabağ ermənilərinin də bir qismi Araik Arutunyanın dediklərilə eyni ladda deyil. Rəsmi İrəvan Şuşan Stepanyan və Artsurun Hovannisyanın dililə təxminən belə danışır ki, bəli, Azərbaycan tərəfi üstün olsa da, ciddi zərbələr alır və bəzi yerlərdə geri oturdulur, bəzi yerlərdə mövqe döyüşləri gedir. Lokasiyalar isə adətən dəqiqləşdirilmir. Və qəfildən Araik Arutunyan bəyan edir ki, Azərbaycan əsgərləri Şuşanın 5 kilometrliyindədir; bir də təkrarlayırıq, bunun doğru, ya yalan olmasına varmadan, məqsədini anlamağa çalışmalıyıq ki, niyə Qarabağ ermənilərinin rəhbəri rəsmi Ermənistanı, daha dəqiqi, Paşinyan hökumətini pis vəziyyətdə qoyur?
Bu hadisə ondan xəbər verir ki, artıq Qarabağ ermənilərilə İrəvanın arasında ziddiyyət yaranmağa başlayır və onların hərəsi öz oyunlarını oynamağa çalışırlar. Bir həftə əvvəl Paşinyanın axıra qədər “vuruşacağıq” deməsinin fonunda Araik Arutyunyanın savaşın dayandırılması xahişilə Putinə məktub yazması da bunu göstərirdi. İndi isə vəziyyət daha da ağırlaşıb.
***
Ayın 29-dan 30-na keçən gecə Xankəndinin yaxınlığında baş verən böyük partlayışların videosu yayıldı. Səhərisi gün erməni rəsmiləri bunu belə izah etdilər ki, sitat – “Azərbaycanlı diversantların silah anbarı partladılıb”.
Yaxşı. Lap tutaq ki, ermənilərin “Azərbaycanlı diversant” dedikləri bizim xüsusi təyinatlılarımızdır. Onsuz da onları qara basanda göydə dronları görürlərsə, yerdə də xüsusi təyinatlılarımızı görürlər. Hətta bunu da qəbul edək ki, onlar gedib Xankəndinin yaxınlığına çatıblar. Amma xüsusi təyinatlı əsgərin döyüş tapşırığına gedərkən özü ilə bir nəhəng anbar həcmində silah-sursat daşımasını necə təsəvvür etmək mümkündür?! Özü də elə bir anbar ki, bütün gecə səhərə qədər yanıb.
Elə bir cəbbəxananı yaratmaq üçün bəlkə də aylarla vaxt lazımdır. Patrlayan silah anbarıdırsa, onu ya Azərbaycanın silahlı qüvvələri legitim hərbi hədəf kimi məhv edib, ya da ermənilər özləri partladıblar ki, saysız-hesabsız digər silah-sursat kimi Azərbaycan Ordusunun əlinə keçməsin. Bu isə çox vacib məqamdır: Demək, Qarabağdakı erməni silahlı qüvvələri artıq müdafiənin təşkili haqqında düşünmürlər. Daha çox bunun dərdini çəkirlər ki, necə edək, biz qaçanda silah-sursatımız Azərbaycan əsgərinə qalmasın?!
Son günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videolar artıq operativ döyüş əməliyyatlarından çox, icəsənət əsərini xatırladır. Məsələn, Bərdəyə atəş açan “Smerç”lərin izlənib, meşədə məhv edilməsi səhnəsi istənilən döyüş filmindəki anoloi səhnələri kölgədə qoya bilərdi. Bütün bunlar ondan xəbər verir ki, artıq döyüşlər həddində artıq qeyri-bərabər şəraitdə gedir. Havada tam və birmənalı üstünlük Azərbaycandadır. Bir gündə ermənilərin iki “Su-25” təyyarəsinin vurulması o demək idi ki, ermənilər havada vəziyyəti dəyişməyə çalışırlar, amma hətta cəhdləri belə, uğursuz alınır. Bu həftə Bərdənin qisas həftəsi olduğu üçün Müdafiə Nazirliyinin yaydığı videolar xüsusilə çox idi. Və onların birində “Palantin” adlanan radioelektron müdafiə vasitəsinin məhvini görürük. Bu qurğulardan istifadə onu göstərir ki, erməni tərəf Azərbaycan dronlarından müdafiə olunmaq üçün yollar axtarır, amma çifayda. Qarabağ səmasında hətta üstünlük də yox, tam hökmranlıq bizdədir. Müasir müharibədə isə havada üstünlük elə birmənalı qələbə deməkdir.
***
Hazırda elə bir həssas mərhələ başlayıb ki, Paşinyanın maraqları Qarabağ ermənilərinin maraqlarından kəskin şəkildə fərqlənir. Paşinyanın müharibənin başlamasına rəvac verən hərəkətləri heç də tam olaraq onun axmaqlığından deyildi. O, öz missiyasını həyata keçirərək, iki əsas məqsədə nail olmağa çalışırdı: 1) Ermənistanı Qarabağ klanının siyasi girovluğundan qurtarmaq və 2) Rusiyanın Qarabağ vasitəsilə Ermənistana təsir imkanlarını azaltmaq. Çox güman, o, belə bir hesablama aparmışdı ki, Azərbaycan müharibəyə başlayandan bir müddət sonra Rusiya mütləq Rəsmi Bakını dayanmağa sövq edəcək. Amma bu halda verdikləri böyük itkilər “Qarabağ klanı”nı zəiflədəcək və Ermənistanın yeni elitasının onların təsirindən birdəfəlik qurtarmasına imkan yaranacaqdı.
Eyni zamanda, Paşinyan ümid edirmiş ki, əgər Bakı dayanmazsa, o halda Güney Qafqazda Rusiya ilə Türkiyə arasında qarşıdurma başlayacaq. Hər iki halda Paşinyan öz fikrinə görə, qalib çıxmalı idi. Fikir verirsinizsə, Ermənistan hakimiyyəti indi də məhz o niyyətlə durmadan Azərbaycanla yox, Türkiyə ilə savaşdıqlarını, Türkiyənin Rusiyanın həyati maraqları zonasını girdiyini iddia edir.
Müharibədən sonra isə, Paşinyan yəqin ümid edirmiş ki, daha Rusiyanın Ermənistana əvvəlki təsir imkanları qalmayacaq. Fikir verin: O, hakimiyyətə gəldiyi gündən Rusiyaya bağlı olan bütün şəxsləri bir-bir dənləməklə məşğuldur. Rusiyanın adamı kimi tanınan siyasətçilərin, oliqarxların, ictimai xadimlərin hamısı neytrallaşdırılıb və proseslərdən kənarlaşdırılıb. Hətta Qarabağdakı cinayətkar qurumu da Rusiyaya bağlı adamlardan təmizləməyə çalışırdı. Yeri gəlmişkən, Paşinyanın seçdirdiyi, indi isə qurban verdiyi Araik Arutunyanın Putinə məhz açıq məktub yolu ilə müraciət etməsi də onun əvvəlkilərdən fərqli olaraq, Kremllə heç bir birbaşa əlaqəsinin olmamasından xəbər verirdi.
Beləliklə, yuvarlaqlaşdırsaq, nə alınır: Paşinyana öz missiyasını tamamlamaq üçün kiçik məğlubiyyətli müharibə, yaxud, məğlubiyyətli kiçik müharibə lazım idi. O, çox güman, ümid edirmiş ki, təxminən 2016-cı ilin Aprel döyüşləri zamanı olduğundan bir qədər artıq məğlubiyyətə uğraya bilərlər. Ən pis halda Azərbaycan 1, lap dəhşətli halda 2 rayonu qaytarar. Sonra Rusiya prosesə müdaxilə edib, müharibəni dayandırar. Əvəzində Paşinyan həm zəiflədilmiş Qarabağ klanını birdəfəlik devirib, separatçıların da başına öz adamlarını gətirər, həm də məğlubiyyətdə Rusiyanı ittiham edərək, Moskvanın Ermənistana təsirini zəiflədər. Ardınca isə özünün qərbyönümlü hakimiyyətini möhkəmlədərək, tədricən Ermənistanın geosiyasi istiqamətini dəyişər. Qısaca desək, planın məğzi belə imiş: Bir halda ki, Ermənistan vaxtilə Azərbaycan torpaqlarını tutmağın nəticəsində müstəqilliyini itiribsə, niyə indi o torpaqların bir azını qaytarmaqla, müstəqilliyini bərpa etməsin?! “Müstəqillik” deyəndə isə Rusiyanın asılılığından çıxıb, Qərbin qucağına girmək nəzərdə tutulurdu. Bu, Paşinyanın əsas missiyası idi. Göründüyü kimi, ilk baxışdan əla plana, bütün hallarda uduş vəd edən lotoreya biletinə oxşayır. Amma Paşik bir amili düzgün qiymətləndirə bilməmişdi: İlham Əliyev.
***
Bu müharibədə Azərbaycanın dronlardan və digər müasir hərbi texnikadan da qat-qat güclü silahı var: Ali Baş Komandanın strateji təfəkkürü. Müharibə həqiqətən də silahlarla yox, əsgərlərlə udulur, Ali Baş Komandan isə Vətənin ən böyük və ən vacib əsgəridir.
Bu gün Azərbaycan ona görə döyüş meydanında zəfərdən-zəfərə gedir ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün 17 ilin hamısı əslində Qarabağ Müharibəsinə bir böyük hazırlıq olub. Çoxları başa düşməsə də, atılan hər bir addımın arxasında bu məqsəd dayanıb. Dövlət başçısına müxalif olanlar uzağı görə bilməyərək, soruşurdular ki, məsələn, kosmik peyk bizim nəyimizə lazımdır, niyə ölkədə bu qədər aerodromlar tikilir? Özünü utanmadan siyasətçi sayanlar, “partiya rəhbəri” adlananlar iddia edirdilər ki, 3-cü dünya ölkələrinin toplaşdığı Qoşulmama Hərəkatındə təmsil olunmaq bizə nəinki heç nə vermir, hətta ziyanımıza işləyir. Çoxları soruşurdu ki, “Qarabağla bağlı bu qədər qurum bu qədər sənəd qəbul edir, hə, nə olsun, nəyə lazımdır?!” Amma indi görürük ki, bunların hamısı nə üçün lazım imiş. Sadəcə, dövlət başçısı bunların hamısına strateji bucaqdan, gələcəkdəki böyük hədəfin detalları kimi yanaşırmış.
Vaxtın seçimi isə o qədər dəqiq və düzgündür ki, istənilən qrossmeyster belə incə hesaba həsəd apara bilər. Həm dünyadakı vəziyyət, pandemiya, həm Amerikadakı seçkiqabağı situasiya, həm Rusiya-Ermənistan və Azərbaycan-Türkiyə münasibətlərinin birinin dibdə, o birinin zirvədə olması kimi amillər bir yerdə diplomatik və geosiyasi müstəvidə Azərbaycan üçün uğuru manevr imkanları yaradır. Yəni “lazım nə vaxt gələcək” deyə lağ-lağı edənlərdən fərqli olaraq, ölkənin bir nömrəli strateqi ən uyğun məqamı gözləyib və yaxalayanda əldən buraxmayıb. Nəticədə, bu gün Ermənistanın bütün planları puça çıxarılır və düşmən ölkə bütün meydanlarda tərksilah edilib.
***
İndi Paşinyan ona görə müharibənin uzanmasında maraqlıdır ki, bu, ona öz hakimiyyətini hərbi diktatura yolu ilə möhkəmləndirməyə imkan verir. Yəni belə: Bir halda ki, plan pozulub, Qarabağı da saxlmaq olmur, heç olmasa hakimiyyəti saxlayaq. Müharibə vaxtı siyasi rəqibləri susdurmaq asan olur axı. Məsələn, Paşinyanın dediyi kimi:
- Bizim çox müstəsna dərəcədə möhkəm birləşməyə və intizama ehtiyacımız var. Müharibə şəraitində bütün əmrlər və göstərişlər sözsüz, qeydsiz-şərtsiz yerinə yetirilməlidir. Əmrləri yerinə yetirməyənlər çox ciddi məsuliyyətə cəlb olunaraq, sərt formada cəzalandırılmalıdırlar. Həmçinin ağır ictimai qınağa məruz qalmalıdırlar. Heç nə onlara bəraət qazandıra bilməz və qazandırmamalıdır. Çünki xalqın taleyi oyuna qoyulub və biz Artsaxın itirilməsini özümüzə rəva görə bilmərik.

Amma hər kəsə aydındır ki, müharibə əbədi davam edə bilməz, hərbi fazanın bir sonu da olmalıdır və bütün əlamətlərdən belə görünür ki, həmin o son uzaqda deyil. Döyüşlərin hər günü Azərbaycanı qəti qələbəyə daha da yaxınlaşdırır. Burada Solovyovun gəitirdiyi məntiq və müqayisə qətiyyən keçmir:
- Mən belə hesab edirəm ki, müharibənin sonuna heç yaxın da gəlməmişik. Bu, ona oxşayır ki, müqayisəyə görə üzr istəyirəm, Böyük Vətən Müharibəsini 1941-ci ilin avqust ayının nəticəsinə görə qiymətləndirəsən. Gəlin, 92-94-cü illərin hadisələrini də yada salaq. Onda da tərəzinin gözləri o tərəf-bu tərəfə çox əyilmişdi. Ümumiyyətlə, 3-4 həftəlik ilkin mərhələdən sonra müharibənin nəticələri haqqında danışmaq çox çətindir. Orada hər şey bundan asılı olacaq ki, kim silah verəcək, necə verəcək, hər şey necə təşkil olunacaq... Bütün bunlar şox qəliz və mürəkkəb məsələlərdir. İşin bu tərəfini peşəkarların öhdəsinə buraxaq.

Burada böyük manipulyatorun yol verdiyi sofistika orada gizlədilib ki, SSRİ-nin özünün böyük sənayesi, həmçinin, hərbi sənayesi vardı və silah-sursat istehsal edirdi. Ona görə də, almanların tutduğu ərazilərdəki sənaye potensialını Şərqə - Uralı o üzünə köçürməyi bacarmaqla, məğlubiyyətdən qurtula bildi. Qarabağ müharibəsində elə deyil; burada hər gün erməni tərəfin hərbi potensialı daha da tükənir və müqavimət imkanları getdikcə azalır. Yəni bu halda geriləmə elə məğlubiyyət deməkdir. Amma məğlubiyyət necə olacaq? Tutaq ki, Azərbaycan Ordusu Şuşaya və Xankəndinə bayraq sancdı, Laşın koridorunu bağladı və Qarabağdakı erməni hərbiyyəsini tam zərərsizlədirdi. Bundan sonra nələr baş verəcək?!
Normalda belə olur: Müharibə bitəndən sonra sülh bağlanır, yeni demarkasiya xətti çəkilir, müxtəlif hüquqi məsələlər həll edilir, sonra tədricən keçmiş düşmənlər münasibət qurmağa başlayırlar. Səfirliklər açılır, müxtəlif sahələrdə əlaqələr bərpa olunur və sair və ilaxır. Biz çox istərdik ki, Qarabağ müharibəsi də belə yekunlaşsın. Amma təsssüf ki, Ermənistanın davranışlarını və mövqeyini görəndə adamın bu varianta ümidləri azalır, digər ehtimallar daha real görünməyə başlayır.
Məsələ ondadır ki, bu müharibə formal olaraq Azərbaycanla Ermənistan arasında getmədiyindən, təbii ki, Ermənistanın təslim olması və aramızda sülh müqaviləsinin bağlanması da mövzu deyil. Subyektiv fikrimdir, yanıla da bilərəm, amma şəxsən mənə bu variant daha inandırıcı görünür ki, sərhədlərimizin daxilində ermənilərin hərbi mövcudluğunun kökləri qazılandan sonra, güman ki, onlar əldəqayırma, oyuncaq, şərti bir “mühacir Artsax hökuməti” yaradaraq, guya ona məxsus hərbi dəstələrin Ermənistan istiqamətdən Azərbaycana hücumlarını təşkil etməyə başlayacaqlar. Formal olaraq bu, belə görünəcək ki, Qarabağ erməniləri öz torpaqları saydıqları ərazilərə dönmək istəyirlər, reallıqda isə Azərbaycana başqa dövlətin ərazisindən hərbi təcavüzlər təşkil edəcək. Bölgədə davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələr də bu ssenaridə maraqlı olacaqlar. Bu halda biz hələ bir müddət təxminən İsrail kimi yaşamağa məcbur qalacağıq: Necə ki, dost yəhudi dövləti daim öz təhlükəsizliyini “Həmas” və “Hizbullah” kimi terrorçu qurumlardan qorumağa məcburdur, biz də ən azı bir müddət şərti adı “Artsax” olan terrorçu qurumdan qorunaraq, yaşamalı olacağıq böyük ehtimalla.
Ermənistanla aramızda tam sülhün bərqərar olması üçün həmin ölkənin Qarabağ iddialarından birdəfəlik əl çəkməsi, tarixi yalanlarnı etiraf etməsi lazımdır. Bu halda, əlbəttə, normal qonşuluq münasibətləri qurula, kommunikasiyalar açıla bilər. Amma çox təəssüf ki, hələ yaxın perspektivdə bu, inandırıcı görünmür. Ona görə də, yaxın gələcəkdə biz hələ ən azı bir müddət ərazimizə iddialı olan aqressiv, həyasız, kinli bir qonşu ilə yanaşı yaşamalı olacağıq.
İndiyə qədər Qarabağ kəndrindən istifadə edərək Ermənistana təsir göstərən Rusiya isə bundan sonra daha ağrılı yerdən yapışacaq: Birbaşa erməni dövlətçiyiliyinin taleyi və perspektivi məsələsindən. Yəqin, ermənilərə mesajlar veriləcək ki, “Bizim ətəyimizdən daha möhkəm yapışın, əgər yenə də eyni oyunları təkrarlasanız, Qarabağı itirmək sizin ən kiçik, ən yüngül probleminiz ola bilər”.
Azərbaycan isə bizdən qisas almaq üçün fürsət güdən xain qonşunu nəzərə alaraq yaşamalı, daha da güclənməli, daha da inkişaf etməlidir. Həm hərbi, həm iqtisadi, həm də intellektual potensialımız daim bu təlabatı nəzərə alaraq, davamlı inkişafda olmalıdır. “Böyük gələcək” deyəndə həm də bunları nəzərdə tuturuq. Möhkəm olmaq lazımdır.

Azvision.az



Teqlər: AzVision   Real-TV   Təhlil  





Xəbər lenti