“Azərbaycan sülhdən heç vaxt imtina etməyib” - Səfir

“Azərbaycan sülhdən heç vaxt imtina etməyib” -    Səfir
  02 Noyabr 2020    Oxunub:3617
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İSNA xəbər agentliyinin saytına müsahibə verib.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair aktuallıq kəsb edən sualları cavablandırıb. Qeyd olunub ki, Qarabağ müharibəsi separatizm ilə başlayıb və Azərbaycanın erməni əsilli vətəndaşları xarici ölkələr tərəfindən aqressiv separatizmə təşviq olunub. Nəticədə Azərbaycan 30 min şəhid verib, eləcə də bir milyona yaxın Azərbaycan vətəndaşı öz doğma yurd-yuvalarından qovulub.

Diplomat vasitəçilik mandatı almış həmsədrlərin fəaliyyətinə toxunaraq deyib ki, 1992-ci ildə Minsk Qrupu bu münaqişənin həlli məqsədilə təşkil edilib. Lakin həmsədrlərdən ikisi regiondan uzaqda yerləşən və Qarabağ münaqişəsinin həllinin onlar üçün prioritet olmayan ölkələrdir. İndiyədək heç bir konkret nəticə əldə olunmamasına baxmayaraq, Azərbaycan münaqişənin həllində sülh və dialoqdan heç vaxt imtina etməyib. Ötən müddət ərzində aparılan danışıqlar nəticəsində müzakirələrin formatı və baza prinsipləri yaradılıb ki, son zamanlar Ermənistan tərəfi avantürist davranış və bəyanatları ilə bu formatı dağıtmağa çalışıb.

Azərbaycana guya Suriya və Türkiyədən muzdlular göndərildiyi barədə iddiaların heç bir əsası olmadığını vurğulayan B.Hüseynov bildirib ki, bu, Ermənistan tərəfindən uydurulan növbəti yalan və şayiədir. Azərbaycan Ordusunun 100 min şəxsi heyəti var və bu müddət ərzində heç ehtiyat qüvvələr də səfərbər olunmayıb. Azərbaycan hərbi texnika və silah baxımından Ermənistanla müqayisə oluna bilməz. Əksinə, PKK qüvvələrinin Ermənistan tərəfindən döyüşdüyü sənədlərlə sübut edilib. Ermənistanın baş naziri xaricdəki erməniləri regiona gəlməyə və döyüşməyə çağırır.

Səfir diqqətə çatdırıb ki, regionun problemi region dövlətləri tərəfindən həll edilə bilər. Kənar qüvvələrin regiona cəlb edilməsinə ehtiyac yoxdur.

Davam edən döyüşlərə toxunan B.Hüseynov xatırladıb ki, sentyabrın 27-də Azərbaycan özünümüdafiə hüququndan vətəndaşlarının həyatını və təhlükəsizliyini qorumaq üçün istifadə etdi. İran-Azərbaycan sərhədinin Ermənistanın işğalı altında olan 132 kilometrlik hissəsi bir neçə gün əvvəl azad olundu və Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə qardaş İran xalqını da təbrik etdi.

“2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub və qüvvəyə minib. Bu gün hər iki ölkənin qurumları bu Sazişin müddəalarını həyata keçirirlər”, - deyə diplomat bildirib.

Səfir müsahibəsində İran-Azərbaycan münasibətlərinə dair digər sualları da cavablandırıb.

Azvision.az


Teqlər: İran   Səfir  





Xəbər lenti