“Ordumuz bu həftə də bizi xoş xəbərlərlə sevindirəcək”

“Ordumuz bu həftə də bizi xoş xəbərlərlə sevindirəcək”
  02 Noyabr 2020    Oxunub:2053
"Ermənistan ordusu geri çəkilir. Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı ordunun silah və sursatı da tükənmək üzrədir. Əslində, bu gözlənilən idi. İndiyədək rəşadətli Ordumuz düşmənin 2.7 milyard dollarlıq silah-sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu, illik dövlət büdcəsi 2.7 milyard dollardan az olan bir ölkə üçün ciddi itkidir:

"Aydındır ki, hətta Ermənistan silah və sursatların bir hissəsini pulsuz və ya borclanaraq alsa belə, qısa zamanda hərbi texniki bazasını yenidən gücləndirməsi real deyil. “Humanitar uçuşlar” ilə silah daşınmağa cəhd edilsə də, pandemiyanın ümumi uçuşların sayını məhdudlaşdırdığını nəzərə aldıqda düşmən ölkədə ordu və təchizatın vəziyyətinin necə olduğunu təsəvvür etmək mümkün deyil. Reallıq bundan ibarətdir ki, Ermənistan uzunmüddətli müharibə aparmaq imkanlarına malik deyil. Buna görə də, ötən ayın əvvəllərində düşmənin birinci səddi darmadağın ediləndən sonra işğalçı ölkə hər vəcdlə atəşkəsə nail olmağa çalışırdı. Paşinyan hakimiyyəti 30 il ərzində qurduqları tunellər və istehkamların onlara yardım edəcəklərini düşünsələr də, şanlı Ordumuz həmin maneələri darmadağın etdi. Beləliklə, savaşın 6-cı həftəsinə Azərbaycan Ordusu ciddi üstünlüklər ilə başlayır. İnanırıq ki, ötən 5 həftədə Ali Baş Komandanımızın rəhbərliyi ilə 200-ə yaxın yaşayış məntəqəsini azad edən rəşadətli Ordumuz bu həftə də bizi xoş xəbərlərlə sevindirəcək. Qarabağ Azərbaycandır!"

Azvision.az


Teqlər: Düşmən   Texnika   Məhv  





Xəbər lenti