“Azərbaycan dünya miqyasında çox böyük dəstək alıb” - Prezident

   “Azərbaycan dünya miqyasında çox böyük dəstək alıb” -    Prezident
  02 Noyabr 2020    Oxunub:2233
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ticarət və Sənaye Palatasının Bakıdakı toplantısı çox əlamətdar hadisədir. Nəzərə alsaq ki, Azərbaycan hazırda Vətən müharibəsi aparır, bu toplantının xüsusi önəmi vardır. Biz bunu bizə göstərilən dəstək və həmrəylik əlaməti kimi qəbul edirik, buna görə sizə təşəkkür edirik. Bu, növbədənkənar toplantıdır və bunun əsas məqsədi ölkəmizə mənəvi dəstəyin göstərilməsidir.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşü zamanı səsləndirib.

Müharibənin ilk günlərindən Türkiyənin və digər qardaş, dost ölkələrin Azərbaycana dəstəyini yüksək qiymətləndirən dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Demişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər. Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərmişdir və Şuranın çox önəmli bəyanatı olmuşdur. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür”.

Prezident deyib ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək alıb. 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da bizə dəstək göstərib. “Bu, əlbəttə bir daha onu göstərir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti