“Yenidən sərt karantinə qayıda bilərik”

 “Yenidən sərt karantinə qayıda bilərik”
  03 Noyabr 2020    Oxunub:2291
Təəssüf ki, son günlər koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Təbii ki, bu gün Azərbaycan Ordusu cəbhədə düşmənlə mübarizə apardığı dövrdə yoluxma sayında artımın müşahidə olunması heç də ürəkaçan deyil.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, yoluxmaların artması iki cəbhədə mübarizənin genişlənməsinə gətirib çıxarır.

“Erməni ilə döyüş meydanında mübarizə aparılır, rəşadətli Ordumuz onları məhv edir və qazandığımız qələbələr bizi sevindirir. Koronavirusa qarşı mübarizədə isə bütün xalq səfərbər olmalıdır ki, xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısı alınsın. Bunun yolu çox sadədir, qaydalara riayət edilməlidir. ÜST-ün müəyyən etdiyi kimi vətəndaşlarımız maska taxmalı, sosial məsafə gözləməli, gigiyenik qaydalara əməl etməlidir. Belə olarsa tez zamanda yoluxma sayı aşağı düşə bilər”.



Deputat qeyd edib ki, son vaxtlar cəbhədə əldə olunan qələbə xəbərləri bəzi vətəndaşlarda ictimai məsuliyyət hissini azaldıb: “Bu da COVID-19-a yoluxanların sayının kəskin artımına səbəb oldu. Koronavirusun kəskin artması həkimlərin bu sahəyə daha çox ayrılmasına səbəb olur. Ön cəbhədə uğurlu qələbələrin əldə edilməsi üçün bütün bunları nəzərə almalıyıq və hər şeydən öncə sağlamlığımıza nəzarət etməliyik. Sağlamlığımıza nəzarət edəriksə, ətrafımızın, cəbhəyə gedən və gedəcək olanların sağlamlığını qorumuş olarıq. Ona görə də bu işdə hamımız daha diqqətli olmalı və müəyyən olunmuş qaydalara əməl etməliyik”.

A.Badamovun sözlərinə görə, koronavirusa yoluxma sayı artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər: “COVID-19 yeni pandemiya elan olunanda Azərbaycan sərt karantin tədbirləri tətbiq etmişdi. Bunun nəticəsində yoluxmaların sayında kəskin azalma müşahidə olundu. Lakin yumşalma tədbirləri ilə insanlarımızda məsuliyyət hissi azaldı, hər kəs karantin rejiminin tələblərinin icrasına ciddi əməl etməlidir. Tələblərə əməl olunmaması nəticəsində koronavirusa yoluxanların sayı artıb. Əgər yoluxma sayı daha çox artarsa, ölkə üzrə sərt karantinin rejiminin tətbiqi gündəmə gələ bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti